“ABŞ-siz Avropa” planı gerçəkləşir? : “Ukraynaya görə Britaniya ABŞ ilə burun-buruna gəlməyəcək!” - TƏHLİL

Təhlil

03.03.2025 17:22

2379

“Londonda keçirilən zirvə görüşü gözlənilən kimi bitdi. Avropa liderləri Ukraynaya dəstəklərini ənənəvi olaraq ifadə etdilər. Lakin Ukrayna ilə bağlı “ABŞ-siz də yanındayıq” formatlı bir qərar çıxmadı. Çünki, vahid Avropa deyilən bir şey artıq yoxdur”.   

Politoloq Kazım Kazımov bunu TodayPress-ə danışarkən bildirib.

O, Britaniya, Fransa və Almaniyanın Avropadakı real 3 güc olduğunu vurğulayıb:

“Bu üç ölkə arasında əvvəla Britaniya, ABŞ-nin xarici siyasətdə ən yaxın müttəfiqlərindəndir. Britaniya 1940-ci illərdən tamamilə ABŞ ilə bərabər hərəkət edib.  Sabiq Amerika prezidenti Corc Buşun "İraq" kimi böyük səhvinə belə Britaniya dəstək verib. İndi də Ukraynaya görə Britaniya ABŞ ilə burun-buruna gəlməyəcək”.   

Ekspert Fransanın ölkə prezidenti Emmanuel Makrona görə hörmətini itirdiyini və Rusiya lideri Vladimir Putinin Makronu ciddi şəxs kimi qəbul etmədiyini vurğulayıb. O qeyd edib ki, indi rəsmi Parisin Şarl De Qoll dönəmindən "ABŞ-siz Avropa" planını gerçəkləşdirəcək imkanı yoxdur:       

“Nəinki Rusiya, Qərb belə Fransanı ciddi qəbul etmir. Fransa özü bir neçə il əvvəl ABŞ və Britaniya tərəfindən hörmətsizcə 50 milyard dollarlıq nəhəng Avstraliya-Fransa sazişindən kənarlaşdırılmışdı. Avstraliya hərbi müqavilələri ABŞ və Britaniya ilə imzalamışdı. Digər tərəfdən Almaniyanın pulu olsa da, hərbi qüvvəsi yoxdur. 3-cü Reyx sonrası demilitarizasiyaya məruz qalan Almaniya, bir tərəfdən Rusiya qazına da məhkumdur. Bu gün Çindən və ABŞ-dən 3 qat artıq yanacağa ödəniş edən Almaniyanın başda avtomobil sənayesi olmaqla iqtisadiyyatı durğunluq yaşayır”.

K.Kazımov Türkiyənin hazırda həm Qərb, həm də Rusiya ilə yaxşı əlaqələrə sahib olan tək ölkə olduğunu diqqətə çatıdırıb. Politoloq əlavə edib ki, Türkiyə Antalya görüşləri ilə həqiqi sülhə cəhd edib, amma təəssüf ki, tərəflər razılaşmayıb. 

“Türkiyə Qara dənizdə sabitlik üçün müharibənin bitməsini istəyir. Lakin Ankara həm də Qara dənizin şimalında (Abxaziya da var) rus hegemoniyası görmək istəmir. Ona görə də Türkiyə xüsusi ilə Qaradəniz hövzəsi məsələsində həssasdır. Qardaş ölkə Qara dənizdə sabitliyə çalışır. Bu sabitlik də Kiyev-Moskva sülhündən keçir” deyə o fikrini sonlandırıb.

Qeyd edək ki, martın 2-də Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısı keçirilib. Sammitdə 18 ölkə və birliyin nümayəndələri iştirak ediblər. Tədbirə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, həmçinin Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, NATO-nun baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski gəlib. Türkiyəni toplantıda xarici işlər naziri Hakan Fidan təmsil edib.

Qiymət Mahir

tag: London,Avropa,Ukrayna,ABŞ,Kazım Kazımov ,Britaniya ,todaypress.az,