ABŞ Rusiyanı “ruhlandırdı” : Ermənistana təzyiqlər artırılacaq? – ŞƏRH

Təhlil

24.02.2025 15:00

2845

"Rusiya-Ukrayna müharibəsi Kremlin digər regionlardakı maraqlarının arxa plana keçirməsinə səbəb olsa da, Moskva indi Ermənistandakı təsir imkanlarını qorumağa çalışır”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, Rusiya müharibə dövründə Suriyada və Cənubi Qafqazda baş verənlərə kifayət qədər reaksiya göstərə bilməyib. Lakin indi ABŞ ilə münasibətlərin normallaşması fonunda Ermənistan kimi ölkələrdə təsir dairəsini yenidən gücləndirmək istəyir.   

“Əgər əvvəllər Ermənistan Rusiyaya sanksiyalardan yan keçmək üçün lazım idisə, müharibədən sonra artıq bu funksiyasını itirib. Bu səbəbdən Rusiyanın Ermənistana təzyiq üçün iqtisadi rıçaqlardan istifadə etməsi ehtimalı yüksəlib” .

R.Bayramov rəsmi Moskvanın təsir gücünü itirməmək üçün Ermənistandakı Rusiyayönümlü qüvvələri aktivləşdirməsinin gözlənilən olduğunu vurğulayıb:   

“Rusiya prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon danışığında Ermənistanın Avropa İttifaqına üzvlüyünə sakit tamaşa etməyəcəklərini və bunun nəticələri olacağını bildirməsi Rusiya tərəfdarlarını ruhlandırıb. Paşinyana qarşı olan qüvvələrin güclənməsinin digər səbəbi onun hakimiyyətinin reytinqinin kəskin düşməsidir. Paşinyanın hazırkı nüfuzu nəinki 2018-ci ildəki populyarlığından, hətta 2021-ci il seçkilərindəki mövqeyindən belə xeyli aşağıdır. Ermənistanın sürətlə silahlanması da revanşist qüvvələrin mövqeyini gücləndirib. ABŞ və Avropa İttifaqı Paşinyana siyasi dəstək versə də, İrəvana ciddi iqtisadi və ya hərbi təminatlar təqdim etməyə hazır deyil. Bu isə Rusiyanın Ermənistandakı mövqelərinin güclənməsinə yol açır”.

Analitik hesab edir ki, mövcud durumda Paşinyan sürətlə hərəkət etməlidir:   

“Paşinyanın Rusiyanın təsirini zəiflətməsi üçün ən vacib addımı isə ölkəsini iqtisadi asılılıqdan qurtarması ola bilər. Bunun üçün isə Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası lazımdır”.

Onun sözlərinə görə, Paşinyan Azərbaycanın şərtləri ilə sülh sazişini imzalamalı və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Bu, Ermənistana regional layihələrə qoşulmaq, tranzit imkanlarından gəlir götürmək və Türkiyənin iqtisadi potensialından yararlanaraq Rusiyanın iqtisadi asılılığından xilas olmaq fürsəti verə bilər.

Politoloq hesab edir ki, indi Paşinyan üçün iki yol var: ya Azərbaycan və Türkiyə ilə əməkdaşlığa razılaşıb Ermənistanın müstəqil siyasi xəttini formalaşdırmaq, ya da tarixin müxtəlif dövrlərində olduğu kimi yenidən Rusiyanın tam təsiri altına düşmək.

Qiymət Mahir

tag: Analitik,Rəşad Bayramov,Rusiya,Paşinyan,ABŞ,Todaypress.az,

photo