ABŞ-Rusiya təmasları: "Bu, Ukraynanın bölüşdürülməsinə “hüquqi don geyindirmək”dir" - ŞƏRH

Təhlil

22.02.2025 11:46

2260

“ABŞ və Rusiya arasında aparılan danışıqlar müsbət nəticə verməyəcək. Bu, Ukraynanın bölüşdürülməsinə “hüquqi don geyindirmək”dən başqa bir şey deyil”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən deyib.  Onun sözlərinə görə, bu görüşlərin məqsədi Ukraynanın gələcəyini müzakirə etməkdən çox, ABŞ-Rusiya münasibətlərini gücləndirməkdir: 

“Bu danışıqların Ukraynaya heç bir aidiyyəti yoxdur. Tərəflər sadəcə olaraq Ukraynanın bölüşdürülməsi məsələsini müzakirə edirlər. ABŞ Ukraynaya xərclədiyi pulları geri tələb edir. Bu isə birbaşa Amerikanın dünya miqyasında nüfuzunun azalmasına xidmət edən amildir” deyə Z.Əmrəliyev vurğulayıb. 

Onun fikrincə, xüsusilə Donald Trampın prezidentliyi dövründə ABŞ-nin ənənəvi beynəlxalq lider mövqeyi sarsılıb. Artıq Şərq ölkələri Vaşinqtona əvvəlki kimi etibar etmir: 

“Tramp II Dünya müharibəsindən sonra formalaşmış bu fikirə son qoydu. O, indi ABŞ-ni siyasi dövlətdən tamamilə iqtisadi dövlətə çevirir. Bu da onun dünya arenasında nüfuzunun zəifləməsinə səbəb olacaq. Danışıqların digər diqqətçəkən məqamı Ukraynanın bu prosesdə faktiki iştirak etməməsidir".   

Ekspert bildirib ki, Tramp açıq şəkildə Ukraynanın danışıqlarda yer almasını məqbul hesab etmədiyini bəyan edib:   

“Tramp etiraf edib ki, Ukrayna tərəfinin bu danışıqlarda iştirakı lazım deyil. Bu isə tamamilə ədalətsiz yanaşmadır. Ukrayna xalqı uzun illərdir müqavimət göstərir. Buna baxmayaraq, onun bu prossesdən kənarda saxlanılması böyük haqsızlıqdır".

Politoloq hesab edir ki, bu qərarı nə Ukrayna rəhbərliyi, nə də Avropa ölkələri qəbul edəcək. Analitikin fikrincə, ABŞ bu danışıqlardan istifadə edərək Ukraynaya yardımları dayandırmaq və böyük məbləğdə təzminat tələb etmək üçün hüquqi əsas yaratmağa çalışır: 

“ABŞ artıq Ukraynanın mineral ehtiyatlarının istənilməsi prosesinə başlayıb. Vaşinqton bu qərardan istifadə edərək Ukraynaya yardımları kəsəcək və külli miqdarda təzminat tələb edəcək. Eyni zamanda, Rusiya işğal etdiyi əraziləri öz əlində saxlamaq üçün hüquqi əsaslar yaratmağa çalışır".   

Z.Əmrəliyev hesab edir ki, ABŞ və Rusiya arasında baş tutan bu danışıqlar Ukraynanın gələcəyini deyil, yalnız imperialist maraqların təmin olunmasını hədəfləyir. 

Qiymət Mahir

tag: Politoloq,Zeynal Əmrəliyev,ABŞ,Avropa,Vaşinqton,Ukrayna,Todaypress.az,

photo