ABŞ-Rusiya görüşləri dalana dirənir: Trampın qarşısında iki yol var...

Təhlil

11.04.2025 16:30

17

“ABŞ-Rusiya danışıqları dalana dirənmək üzrədir”. 

Bu fikirləri TodayPress-ə açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib. 

Onun sözlərinə görə, ABŞ və Rusiya arasında davam edən görüşlər artıq müəyyən qırmızı cizgiləri keçməyə başlayıb, çünki tərəflər arasında kəskin ziddiyyətlər ortaya çıxmağa başlayıb: 

“Bu görüşlərin rəsmi başlanmasından əvvəl emissarlar üzərindən aparılan danışıqlarda müəyyən sövdələşmələr mövcud idi. Tramp-Putin sövdələşməsinin olduğu bildirilirdi. İndi isə Tramp-Putin sövdələşməsinin pozulduğu qətiyyən şübhə doğurmur. Bunun əvəzində hər iki tərəfin toqquşan maraqları ön plana keçir. Anlaşmaqda çətinlik çəkirlər.  ABŞ və Rusiyanın öz hədəfləri var. Rusiya, ABŞ-nin beynəlxalq məkanda vəziyyətinin qəlizləşdiyini artıq tam dəqiqliklə bilir. Ona görə də Kreml indi ABŞ-nin təkliflərini deyil, öz şərtlərini ön plana çəkir. Hətta bəzi hallarda Kreml açıq şəkildə ABŞ-ni həm şantaj edir, həm də imkan daxilində təhdid etməyə çalışır”.   

Ekspertin sözlərinə görə, hazırda bu iki dövlət arasında Ukrayna savaşının dayandırılması ilə bağlı anlaşmanın ola biləcəyi o qədər də inandırıcı görünmür: 

“Böyük ehtimalla bu danışıqlar dalana dirənmək üzrədir. ABŞ rəsmisi Stiv Uitkoffun Rusiyaya səfərinin situasiyanı düzəltmək məqsədi güddüyü qətiyyən şübhə doğurmur. Çünki Kremlin konkret şərtləri artıq ortaya çıxmağa başlayıb. Rusiya Ukraynanın işğal olunmuş ərazilərini öz sərhədləri içərisinə qatmaq niyyətindədir. Üstəlik, Kreml ABŞ-dən Ukraynanın əlavə ərazilərini də tələb edir. Buna paralel olaraq, Kreml ABŞ-dən tələb edir ki, Avropa Birliyinə təzyiq göstərsin ki, Avropa Birliyi də Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaları aradan qaldırsın”. 

E. Xalidbəyli bunun Kreml üçün əlverişli situasiya yaratdığını izah edib: 

“Yəni bütün bunlar onu göstərir ki, Kreml artıq ABŞ-nin ciddi problemləri olduğunu, Tramp administrasiyasının bütün dünyaya qarşı ticarət müharibəsi başlatmasını nəzərə alır. Bu, ABŞ-nin müttəfiqlərinin ona rəqib statusuna keçməsi anlamı daşıdığından, Kreml bu vəziyyətdən öz xeyrinə istifadə etmək niyyətinə düşüb. Digər tərəfdən, ABŞ-nin son davranışları kollektiv Qərbi də parçalayıb. Kollektiv Qərb daxilində də cəbhələşmə, ziddiyyətlər, qarşıdurmalar müşahidə olunur”. 

Politoloq hesab edir ki, yaranmış şəraitdə Rusiya ABŞ-yə qarşı sərt mövqe nümayiş etdirir. Belə vəziyyətdə Tramp administrasiyasının sayəsində blokada və beynəlxalq təcrid vəziyyətindən çıxmaqda olan Rusiya ABŞ-yə öz şərtlərini diktə etməyə çalışır. 

Bundan sonra Tramp administrasiyasının qarşısında iki önəmli seçim qalacaq: ya Kremlin diktə etdiyi şərtləri və tələbləri qəbul etmək, ya da ABŞ-nin maraqları artıq təhdid altında olduğuna görə, Rusiya ilə münasibətlərə yenidən baxmaq, ona qarşı təzyiqləri ön plana keçirmək, sanksiyaları daha da ağırlaşdırmaq və müqavimət gücünün aradan qaldırılmasına çalışmaq. 

Analitik əlavə edib ki, ABŞ bu varianta üstünlük verməzsə, nəticələr həm Vaşinqton, həm də Kiyev üçün ağır ola bilər: 

“Əgər ABŞ bu varianta üstünlük verməzsə, Kreml o zaman Rusiyaya sərfəli olan situasiyanın yaradılmasına nail ola bilər. Bu isə Ukrayna üçün böyük faciə deməkdir. Eyni zamana ABŞ-nin maraqlarının çox ciddi təhdid altında qalması anlamına gəlir”. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Rusiyaya səfər edib. 

Qiymət Mahir

tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,ABŞ,Todaypress.az,

photo