“ABŞ PKK vasitəsilə Türkiyəni təhdid edir” - Türkiyəli politoloq
Təhlil
13.08.2024 14:40
“Türkiyənin Suriya torpaqlarında gözü yoxdur. Ankara, yalnız Suriyanın bir dövlət halına gələrək özünü müdafiə etməsi fonunda əsgərlərini oradan çıxara bilər”.
Bunu TodayPress-ə açıqlamasında Türkiyəli politoloq Hüsamettin İnaç bildirib.
Onun sözlərinə görə, Suriyada qazandığı imtiyazları itirməmək üçün Rusiya prezidenti Vladimir Putin, Bəşər Əsəd ilə Rəcəb Tayyib Ərdoğan arasında normallaşmanın olmasının vacibliyini anlayır. Ona görə də bu, istiqamətdə lazımi addımlar atır. Lakin Suriya lideri hələ də buna tərəddüd edir:
“Türkiyə normallaşma üçün addımlar atmaq istəyir. Çünki İsrailin siyasəti öncə Livana sonra isə Suriyaya təsir edəcək. Hər iki tərəfdə də İranın qüvvələri var. Livana edilən hücum Suriyanı da təhlükə altında qoyacaq. Bu məqamda Əsədin də Türkiyəyə böyük ehtiyacı var. Qarşılıqlı görüşlərin keçirilməsi artıq zərurət halına gəlib. Lakin bu görüşlərin məhz Bəşər Əsəd tərəfindən təxirə salındığını müşahidə edirik”.
Analitik vurğulayıb ki, hazırda bölgədə bir düyün yaranıb. Çünki həm Amerika, həm Rusiya, həm də başda Fransa olmaqla Qərbin bəzi gücləri Suriyada öz varlığını göstərir. Hər ölkə də öz maraqlarına görə addım atır. Hüsamettin İnaçın fikrincə, onlardan fərqli olaraq Türkiyə Suriyanın müstəqil dövlət kimi var olmasının tərəfdarıdır:
“Türkiyə Suriyadan əsgərlərini çıxaracaq. Amma bunun üçün Cenevredə irəli sürülən şərtlərin icra edilməsi lazımdır. Yəni Suriyada Türkiyənin dəstəklədiyi müxalifətə də yer verilməli, PKK terrorçuları Suriyanın şimalından tamamilə çəkilməli, ABŞ eləcə də, Rusiyanın bölgədəki hərbi mövcudluğuna son qoyulmalıdır. Əks halda Türkiyə Suriyadan çəkilsə belə bir müddət sonra, yenidən ora müdaxilə etmək məcburiyyətində qalacaq. Çünki ABŞ Suriyadakı PKK terror təşkilatı vasitəsilə Türkiyəni təhdid edir. Ankarının istəyi Əsədin bunu görməyidir”.
Qeyd edək ki, bir müddət öncə Türkiyə Suriya ərazisindən çıxmaq üçün şərtlərini açıqlayıb. Ölkənin milli müdafiə naziri Yaşar Gülərin sözlərinə görə, bunun üçün Suriyada yeni konstitusiya qəbul edilməli, seçkilər keçirilməlidir. Həmçinin sərhədlərin təhlükəsizliyi təmin olunmalıdır.
Günəş Mərd
tag: Türkiyə, ABŞ, Suriya, PKK, Yaşar Gülər, Terror, todaypress.az,