ABŞ-nin maskası cırıldı: Ağ evin Gürcüstanla bağlı riyakarlığı

Təhlil

07.06.2024 17:49

ABŞ “Xarici təsirin şəffaflığı haqqında” qanununun qəbul edilməsinə görə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üzvlərinə, Gürcüstan parlamentinin deputatlarına, həmçinin aksiyaların dağıdılmasında iştirak edən polis zabitlərinə sanksiya tətbiq edib. 

ABŞ-nin bu addımını TodayPress-ə şərh edən politoloq Elçin Xalidbəylinin fikrincə, rəsmi Vaşinqtonun bu addımı tamamilə məntiqsizdir: 

“ABŞ-nin həmin qanunun qəbul ilə bağlı müzakirəsinin başlanmasından təsdiqlənməsinə qədərki müddət ərzində həmin sənədə verdiyi reaksiya Gürcüstanın daxili işlərinə qarışmaq anlamı daşıyır. Hər bir dövlət hansı qanunlar çərçivəsində idarə olunacağını özü müəyyənləşdirir. 

ABŞ-nin Gürcüstana və ya başqa bir ölkəyə hansısa qanunun məzmunca necə olub-olmadığını diktə etmək kimi bir hüququ yoxdur. Gürcüstanın qəbul etdiyi son qanun isə ABŞ-nin, eləcə də, Qərb ölkələrinin Gürcüstandakı casus şəbəkəsinin fəaliyyətini məhdudlaşdırmış olacaq. Xüsusilə də qrant agenetura sistemi Gürcüstan höküməti tərəfindən nəzarətə götürülmüş olacaq. Vaşinqtonu narahat edən əsas məqam budur”. 

Analitikin sözlərinə görə, hər bir dövlətin öz milli təhlükəsizlik maraqlarını təmin etmək hüququ var və Gürcüstan da bu hüquqdan istifadə edir. Ancaq ABŞ-nin buna qarışılıq olaraq Gürcüstana sanksiyalar tətbiq etməsi, bu ölkənin daxili işlərinə qarışması deməkdir. Bu qərəzli və yolverilməz bir davranışdır:

“Əgər ABŞ ədalətli dövlətdirsə, belə qanunları qəbul etmiş digər ölkələrə, xüsusilə, Qərb ölkələrinə də sanksiya tətbiq etməlidir. Avropaya daxil olan bəzi ölkələrdə də Gürcüstanın qəbul etdiyi qanunla eyni məzmunda qərar qəbul olunub. Məsələn: Fransa analoji qanunun qəbulu ilə bağlı qərar qəbul edib və o qanun artıq Fransa qanunvericilik orqanında  müzakirə edilir, böyük ehtimalla yaxın vaxtlarda təsdiq olunacaq. Onda ABŞ gərək Fransaya da sanksiyalar tətbiq etsin. Çünki qanunun məzmunu, orada qoyulan şərtlər demək olar eynidir. Göründüyü kimi ABŞ-nin davranışları adekvat deyil. Qərəzli xarakter daşıyır. Digər tərəfdən də ABŞ və Qərb özünün Gürcüstandakı casus şəbəkəsinin fəaliyyətini qorumaq məqsədi güdür. Qrant agenturasının çökdürülməsindən narahat olan ABŞ buna görə, Gürcüstana təzyiqlər edir”. 

Xatırladaq ki, iyunun 3-ü Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb. Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib. 

Günəş Mərd

tag: ABŞ, Gürcüstan, Fransa, Dünya, Qanun, todaypress.az,