ABŞ liderinin Zelenski ilə bağlı çıxışı: “Tramp yenə “çirkli çamaşırları” açıb ortaya tökür” – ŞƏRH
“Tramp təkliflərinin Ukryana prezidenti Volodimir Zelenski tərəfindən rədd ediləcəyini çox yaxşı bilirdi. ABŞ liderinin buna görə öz dəsti-xətti, strategiyası var”.
Politoloq Qədir Aslan bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Amerika Ukraynaya dəstəyini davam etdirir, yerli mətbuat və informasiya savaşında isə diqqəti yayındıran manevrlər edir:
“Tramp çox yaxşı bilirdi ki, Zelenski Ukraynanın faydalı qazıntıları və digər resurslarının dəyərinin yarıdan çoxunun Amerikanın iqtisadi dəstəyi üçün istifadə olunmasını nəzərdə tutan saziş layihəsindən imtina edəcək. Sadəcə, plan ABŞ liderinin xarakteri ilə bağlı bir sıra paternlərin üzərindən gedir.
“Tramp nə isə təklif edir və qarşı tərəf ondan imtina edirsə, o dərhal biznesmen düşüncəsini işə salır çirkli çamaşırları açıb ortaya tökür. Bu, Amerika liderinin köhnə vərdişlərindəndir. Son günlər Ukrayna cəhbəsində artan eskalasiya var idi. Xüsusilə, Rusiyanın özünün küncə sıxılması etibarilə proqnozlaşdırıla bilməyən və riskli addımlar atacağı hesabatları mövcud idi. Bu narahatlıqların son bir-iki həftə ərzində baş verənlər fonunda azaldığını müşahid edirik. Yəni, Kremil Trampın media gedişləri ilə özünü daha arxayın hiss edir və ayıqsayaqlığını itirir. Bu isə Tramp və Zelenskinin apardığı siyasətin ən başlıca məqsədidir. Görünür ki, buna çatmaqlarına az qalıb”.
Qədir Aslan ABŞ lideri Donald Trampın son çıxışlarının illuziya olduğunu və nəticədə də hazırda Ukraynanın mövqelərinin həm geosiyasi, həm geoiqtisadi, həm də geostrateji cəhətdən gücləndiyini bildirib.
Qeyd edək ki, Tramp fevralın 19-da Ukrayna liderinə qarşı sərt ifadələr işlədib. ABŞ lideri ukraynalı həmkarını prezident seçkilərini keçirməkdən imtina etməkdə günahlandırıb.
Töhfə Səməd
tag: Tramp,Ukryana ,Volodimir Zelenski,ABŞ ,todaypress.az,
