ABŞ-İran danışıqlarında Omanın yeri – Politoloq ŞƏRHİ

Təhlil

28.04.2025 11:00

56

“Oman neytral mövqedə qalmağı bacardığı üçün hazırda ABŞ və İran arasında gedən danışıqlara ev sahibliyi edir”.   

Siyasi şərhçi Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, İrana qarşı sərt mövqeyi ilə seçilən və İsrailin dostu olaraq bilinən Ağ Ev lideri Donald Trampın cənub qonşumuza hücum edib-etməyəcəyi məhz bu görüşlərdən sonra məlum olacaq. 

“Ancaq beynəlxalq münasibətlərdə çox da tanınmayan Omanın belə bir əhəmiyyətli görüşə ev sahibliyi etməsi bütün dünyada ciddi maraq doğurur. İlk növbədə Oman Yaxın Şərqdə neytral mövqeyi ilə seçilir. ABŞ və İrana qarşı da bitərəfdir. Danışıqlar ərzində demək olar ki, hər iki ölkə ilə yaxınlıq qurmayıb. Həmçinin sərt idarəçilik sisteminə malik olan Omanda təhlükəsizlik ən yüksək səviyyədədir”. 

Analitik növbəti səbəb kimi Maskatın bundan əvvəl də 2 dövlət arasında danışıqlara ev sahibliyi etməsini göstərib:

“2013-cü ildə nüvə proqramı ilə bağlı danışıqların ilkin mərhələsində ABŞ ilə danışıqlar məhz Omanın paytaxtında keçirilmişdi. Üçüncü bir məsələ isə Omanın üstün diplomatik manevrləridir. Körfəz ölkəsi kimi İrana coğrafiya cəhətdən yaxın olsa da, ABŞ ilə sıx əməkdaşlıq edir. Buna rəğmən digər körfəz ölkələrindən fərqli olaraq ABŞ-ni heç vaxt açıq şəkildə dəstəkləməyib. Məsələn, 2003-cü ildə ABŞ İraqa müdaxilə edərkən Oman bu haqda heç bir açıqlama verməyib, sakit şəkildə Birləşmiş Ştatlara dəstəyini davam etdirib. Müharibə zamanı Amerika qoşununun əsas loqistika mərkəzi məhz Oman ərazisi idi”. 

Siyasi şərhçi bütün sadalananlara baxmayaraq, Omanın İranla qonşuluğa ciddi önəm verdiyini bildirib. Rəsmi Maskat digər körfəz ölkələrindən fərqli olaraq Tehranı əmin edib ki, onun ərazisi heç vaxt İrana qarşı istifadə edilməyəcək. Bütün bunlar Ərəbistan yarımadasının sakit ölkəsini həm ABŞ, həm də İran üçün etibarlı görüş yeri edir. 

“Yəmənin bir addımlığında, husilərin düz yanında bu cür inamı verməyin özü də böyük ustalıqdır və Oman bunu bacara bilir” deyə o, nitqini sonlandırıb.

Qeyd edək ki, aprelin 26-da nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ və İran arasında dolayı danışıqların üçüncü raundu keçirilib. Siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib. 

Töhfə Səməd

tag: Zeynal Əmirəliyev,Politoloq,İran,ABŞ,Oman,Todaypress.az,

photo