ABŞ “Hizbullah”a qarşı: Çənbər daralır, kim uduzacaq? – ŞƏRH
“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə sülhü təmin etməyə çalışır. Amerika prezidenti Donald Trampın düşüncəsinə görə, sülhün təmin olunmasında əsas maneələrdən biri “Hizbullah” təşkilatıdır”.
Bu fikirləri TodayPress-ə açıqlamasında politoloq Abutalıb Səmədov bildirib.
Onun fikrincə, Tramp administrasiyasının İrana qarşı sərt siyasəti Tehranın iqtisadi vəziyyətini daha da ağırlaşdırır və onu güzəştə getməyə məcbur edə bilər.
“ABŞ prezidenti dəfələrlə bəyan edib ki, İran terrorçu qrupları maliyyələşdirmə siyasətinə son qoymalıdır. 2018-ci ildə İrana qarşı tətbiq olunan sanksiyalar 2019 və 2020-ci illərdə İranın iqtisadi vəziyyətini kəskin şəkildə pisləşdirdi. Yalnız Cozef Bayden prezident seçildikdən sonra İran “rahat nəfəs ala bildi” və həmin qruplaşmaları da maliyyələşdirdi”.
Ekspert ABŞ-nin İrandan əsas tələblərinin terrorçu təşkilatları maliyyələşdirməmək və nüvə proqramından imtina etmək olduğunu qeyd edib.
O hesab edir ki, İranın hazırkı kursu davam edərsə, ABŞ-nin bu ölkəyə hərbi müdaxilə ehtimalı da istisna edilmir:
“Əgər İran razılığa gəlməsə, İrana raket zərbələri endiriləcək. Bunun nəticəsi şübhəsiz ki, İran üçün çox acınacaqlı ola bilər. Nəzərə alaq ki, belə olan halda İrana qarşı sanksiyalar da artırılacaq. Bu isə İranı ən çox qorxudan məsələlərdən biridir” politoloq əlavə edib.
Qeyd edək ki, Tramp administrasiyası İrana qarşı sərt mövqe tutaraq regionda sabitliyi pozan qüvvələrə qarşı qətiyyətli tədbirlər görəcəyini bəyan edib. Hazırda isə ABŞ Suriya ilə birgə Yəməndə “Hizbullah”a qarşı döyüşlərə başlayıb.
Türkan İsgəndərli
tag: Abutalıb Səmədov,Politoloq,ABŞ,Hizbullah,Todaypress.az,
