62 ildən sonra ilk: Baş nazir istefa verdi - Analoji addımı Makron da atacaq? - ŞƏRH

Təhlil

06.12.2024 14:49

“Fransa parlamentində çox maraqlı bir vəziyyət yaranıb. Tamamilə fərqli bir ideologiyanın daşıyıcısı olan siyasi güc mərkəzləri Makron hakimiyyətinin getməsini istəyirlər”. 

Politoloq Natiq Miri bunu TodayPress-ə danışarkən bildirib.      

Onun sözlərinə görə, buna baxmayaraq, Makron istefa verməyəcəyini bəyan edir. Bu isə onun qətiyyətli siyasətçi olması ilə bağlı deyil: 

“Sadəcə  Makronu o vəzifəyə oturdan qlobal maliyyə şəbəkələri var. Onlar icazə vermədən Makron heç vaxt istefa verməyəcək. Xatırlayırsınızsa, parlament seçkilərində birinci olan solçuların nümayəndəsini Makron Baş nazir kimi qəbul etmədi və özü yeni bir baş nazir təyin etdi. Gördüyünüz kimi bu uzun çəkmədi. Bu çox ciddi bir siyasi savaşdır. Bunu Makron öz siyasi iradəsi ilə aparmır. Ona get deyilməyənə qədər Makron hakimiyyətdə qalmaqda davam edəcək”.     

Analitik diqqətə çatdırıb ki, Makronun istefası üçün parlamentdə olan digər siyasi qüvvələrin də bu prosesə qoşulmasına və onun əleyhinə səs verməsinə ehtiyac var. Onların bunu bacaracağı isə böyük sual doğurur:

“Çünki hazırda dünyada hər şey alınır və satılır. Ona görə insanlar ucuz yox, daha baha qiymətə satılmaq üçün mübarizə aparırlar. Problem də buradadır. Bunu nəzərə alsaq, Makronun impiçmenti mümkün deyil”.   

Qeyd edək ki, Fransa Milli Assambleyası baş nazir Mişel Barnier hökumətinə etimadsızlıq haqqında qətnamə qəbul edib. Etimadsızlıq qərarını 331 deputat dəstəkləyib. Fransa Konstitusiyasına uyğun olaraq, Mişel Barnier istefa ərizəsini prezidentə təqdim etməlidir. 

Bu qərarın tarixi addım olduğu bildirilir. Belə ki, Fransa hökuməti 1962-ci ildən bəri ilk dəfə istefaya getməyə məcbur ediləcək. Səsvermədən sonra solçular prezident Makronu istefaya getməyə və növbədənkənar prezident seçkilərini keçirməyə də çağırıblar.  

Xatırladaq ki, Barnier bu il sentyabrın  5-də baş nazir təyin edilmişdi.  

Günəş Mərd

tag: Fransa,Analitik ,Natiq Miri ,İstefa ,todaypress.az,

photo