30 günlük fasilə: Rusiya-Ukrayna müharibəsi sona çatır? – Politoloq açıqladı
"Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs anlaşması hadisələrin gedişatını dəyişə bilməyəcək".
Politoloq Samir Hümbətov bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, bu prosesdən sonra tərəflər yenə də münaqişəyə davam edəcəklər. Bu səbəbdən konkret bir atəşkəs əldə edilməli və bu qorunub saxlanılmalıdır:
"Onlar konsensus əldə etməlidir, yəni qarşılıqlı kompromisə getməlidirlər. Yoxsa bu müharibə davam edəcək. ABŞ hər iki tərəfə eyni təzyiqi göstərməlidir. Birinə edib, digərinə etməyəcəksə, danışıqların nəticəsi olmayacaq. Tərəflər qarşılıqlı şəkildə bu münaqişəni dayandırmağa hazır deyillər. Ukrayna bilir ki, bu münaqişə atəşkəsə getsə, ərazilərin böyük bir hissəsini itirmiş olacaq və Rusiya orada istehkam qurub güclənəcək. Bu da gələcəkdə Ukraynaya daha böyük təhdid yaradacaq".
Analitik hesab edir ki, Rusiya 30 günlük atəşkəslə özünə qüvvə toplamaq üçün razışlaşa bilər. O əlavə edib ki, Ukraynaya faktiki olaraq hərbi yardım silah-sursat göndərilmir. Amma Rusiya Şimali Koreya, İran, Çin və digər ölkələrdən silah təmin edə bilir.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib. Rusiya təkliflərə rəsmi cavab verməyib.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,Münaqişə,ABŞ,Politoloq,Samir Hümbətov,Todaypress.az,
