3 ilə yaxındır davam edən qanlı savaş: Ukrayna-Rusiya müharibəsi 2025-ci ildə başa catacaq? - POLİTOLOQ RƏYİ

Təhlil

01.01.2025 12:30

“2024-cü ildə Ukrayna savaşının ümumi mənzərəsində elə bir ciddi dəyişiklik olmadı. Amma ilk dəfə olaraq Rusiya ərazisinin bir hissəsinin Ukrayna tərəfindən nəzarətə alınması Ukrayna müharibəsinin məzmun və keyfiyyətini nisbətən dəyişmiş oldu”.     

Politoloq Elçin Xalidbəyli bunu, Rusiya-Ukrayna savaşının ötən ilki nəticlərini TodayPress-ə dəyərləndirərək bildirib.     

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ötən il əvvəlkilərdən əsas bir məqamla fərqləndi. Ukrayna Silahlı Qüvvələri avqustdan etibarən Rusiyanın Kursk vilayətinə hücum edərək İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq sözügedən ölkənin ərazilərinə nəzarəti ələ keçirdi. Ukrayna ordusu Rusiya ərazisində hərbi əməliyyatlar aparmaq imkanlarına malik olsa da, 2024-cü ildə də ən ciddi problem ABŞ və Qərb siyasi dairələrinin Ukraynaya yetərli dəstək verməməsi olub:  

“Onlar texnika və silah-sursatı vaxtında Ukraynaya çatdırmadılar. Buna görə də Ukrayna döyüş meydanında mövqələrini qorumaqda çətinlik çəkdi. Rusiya Donbass istiqamətində Ukraynanın yüzlərlə yeni yaşayış məntəqəsini ələ keçirdi”. 

Analitikin fikrincə, 2024-cü ildə qeydə alınan daha bir maraqlı hadisə, kollektiv Qərbin daxilində Ukraynanın dəstəklənməsi ilə bağlı fikir ayrılıqlarının yaranmasıdır:

“Avropa Birliyi ölkələri açıq şəkildə bəyan etməyə başladılar ki, Ukrayna savaşından artıq yorulublar və bunun maliyyə yükünü çəkmək istəmirlər. Bu da onu göstərdi ki, ABŞ və onun Qərbdəki müttəfiqlərinin Ukrayna xalqına və dövlətinə yanaşma tərzi qətiyyən səmimi deyil, riyakar xarakter daşıyır və öz maraqları üçün Kiyevi qurban verməyə hazırdırlar”.  

E. Xalidbəylinin qənaətincə, ümumilikdə ötən il Ukrayna dövlətçiliyi və Ukrayna savaşının inkişaf istiqamətləri üçün olduqca neqativ istiqamətli dəyişiklikləri ilə yadda qaldı:

“İndi Ukrayna ərazi itkiləri təhlükəsi ilə üzləşib. Son olaraq ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna lideri Zelenskiyə mesaj göndərib ki, Rusiya ilə sülh sazişinin imzalanmasına və Ukrayna ərazilərinin güzəştə gedilməsinə hazır olmalıdır. Bu da Ukrayna dövləti üçün faciəvi bir variantdır”. 

Qeyd edək ki, Rusiya-Ukrayna savaşı planetimizdə İkinci Dünya müharibəsindən sonra, qeydə alının ən uzun müddətli və qanlı silahlı qarşıdurmadır. 2022-ci il fevralın 24-də başlayan müharibə bu günə qədər davam edir.  Qeyri rəsmi məlumatlara görə, bu müddət ərazində müharibədə ölən və ya yaralanan ukraynalıların və rusların sayı 1 milyona yaxındır. Bu rəqəm müharibədən əvvəl əhalisi azalan iki ölkənin gələcəyi üçün təhlükə yaradır. Ukraynanın demək olar ki, 20 faizi işğal altındadır.

Günəş Mərd

tag: Ukrayna ,Rusiya ,Savaş,Ərazi,ABŞ,Qərb,todaypress.az,

photo