100 illik münaqişəyə son: Qırğızıstan və Tacikistan “buzları əritdi” – TƏHLİL
“Tacikistan və Qırğızıstan arasındakı sərhədlərin razılaşdırılması ilə bağlı sazişin imzalanması MDB məkanında konfliktə səbəb olan daha bir köklü problemin həll olunması deməkdir”.
Politoloq Zaur İbrahimli bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, bu razılaşma Orta Asiyanın konflikt potensialını aşağı salacaq.
“Nəticədə iki ölkə arasında və ümumilikdə bütün Orta Asiyadakı əməkdaşlıq iqlimi möhkəmlənəcək. Belə bir saziş bundan əvvəl Qırğızıstan və Özbəkistan arasında imzalanmışdı. Bu isə ümumilikdə Türk Dövlətləri Təşkilatında (TDT) kooperasiyanın, inteqrasiya və əməkdaşlığın güclənməsi üçün zəmini möhkəmləndirmişdi. Bunun ardınca Tacikistan və Qırğızıstanın razılığa gəlməsi vəziyyəti daha da sabitləşdirəcək. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında 970 kilometrlik sərhəd var. Bu isə kifayət qədər böyük ərazini əhatə edir”.
Analitik diqqətə çatdırıb ki, müvafiq razılaşma TDT ilə Tacikistan arasındakı münasibətləri də inkişaf etdirəcək. Çünki Tacikistan və Qırğızıstan arasındakı gərginlik TDT ölkələrinə də təsirsiz ötüşməyib. Tacikistan türk dövləti olmasa da, Mərkəzi Asiyada türk amilinin üstünlük təşkil etməsi, siyasi və sərhəd münaqişələrinin qarşısının alınmasında mühüm rol oynayacaq, Qırğızıstanın diqqətini daxili problemlərdən çıxarıb regional inteqrasiyaya yönəltməsinə imkan verəcək. Həm də Tacikistanı regionun güclü təşkilatı ilə yaxınlaşdıracaq.
Zaur İbrahimlinin fikrincə, iki ölkə arasındakı razılaşmada Azərbaycanın uğurlu təcrübəsi də xüsusi rol oynayıb. Çünki Qırğızıstan-Özbəkistan və Qırğızıstan-Tacikistan arasında sərhədlərin razılaşdırılması prossesi məhz Azərbaycan və Ermənistan arasındakı şərti sərhədlərin delimitasiya və demarkasiyasından sonra baş verib. Rəsmi Bakı və İrəvanın apardığı müzakirələr Almatı Bəyannaməsini gündəliyə gətirib. Tacikistan və Qırğızıstan arasındakı danışıqlarda da məhz ilkin hüquqi əsas kimi, bu bəyannamə götürülüb.
Qeyd edək ki, Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rahmon Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası haqqında Müqavilə imzalayıblar. Sənəd ikitərəfli görüşün nəticələrinə əsasən imzalanıb. Beləliklə, prezidentlər Qırğızıstan-Tacikistan sərhədində "Kızıl-Bel" və "Kayraqaç" sərhəd-buraxılış məntəqələrinin işinin bərpasına start veriblər. Xatırladaq ki, iki respublika arasında sərhəd 2021-ci ilin sentyabrından münaqişə səbəbindən bağlanmışdı.
Töhfə Səməd
tag: Tacikistan ,Qırğızıstan ,MDB ,Zaur İbrahimli,Orta Asiya,TDT,Özbəkistan ,todaypress.az,
