Zərərçəkmiş şəxs: "Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik"
Azərbaycan Cinayət Məcəlləsinin sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə
təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi
üzrə məhkəmə prosesi aprelin 29-da davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər
Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət
tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)
təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə
müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində
ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş
hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər,
katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.
Sonra təqsirləndirilən Ruben Vardanyan və onun vəkili
Avraam Berman məhkəmə kollegiyasına etiraz ediblər.
Təqsirləndirilən şəxsin müdafiəçisi A.Berman etirazı
əsaslandıran zaman əvvəlki məhkəmə proseslərində verilən çoxsaylı
vəsatətlərinin bir qisminin təmin olunmadığını, eləcə də hazırkı vaxtadək olan
bütün məhkəmə iclas protokolları ilə tam tanış ola bilmədiklərini qeyd edərək,
işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu və bu
səbəbdən məhkəmə kollegiyasına etiraz etdiklərini deyib.
R.Vardanyan etirazı müdafiə edib.
Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük
köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, qeyd olunan
məsələlərlə bağlı məhkəmə əvvəlki proseslərdə artıq mövqeyini ifadə edib. O
əlavə edib ki, məhkəmə iclas protokolları ilə tanış olmaq üçün müdafiə tərəfinə
lazımi şərait yaradılır. V.Əliyev, həmçinin deyib ki, ümumilikdə bu cür
əsaslar, yəni, müdafiə tərəfinin vəsatətlərinin məhkəmə tərəfindən təmin olunmaması,
işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması qənaətinə
gəlməyə əsas verə bilməz
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin
olunmamasını məhkəmədən xahiş ediblər.
Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən
sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara
əsasən, etiraz baxılmamış saxlanılıb.
Belə ki, iclasa sədrlik edən qərarı əsaslandıran zaman
diqqətə çatdırıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət
Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət
təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.
Sonra zərərçəkənlər məhkəmədə ifadə veriblər.
Zərərçəkmiş şəxs Nurlan Bağırov Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarında xidmət edərkən hərbçi yoldaşları ilə birlikdə Ermənistan
silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin hücumuna
məruz qaldığını bildirib. N.Bağırovun sözlərinə görə, hadisə zamanı onlara atəş
açılıb, əl qumbaraları atılıb. Nəticədə onun 14 hərbçi yoldaşı (Daxili
Qoşunların 12, Müdafiə Nazirliyinin 2 nəfər hərbi qulluqçusu) şəhid olub,
hərbçilərin bir hissəsi yaralanıb. N.Bağırov özünün də hadisə zamanı
yaralandığını bildirib.
Digər zərərçəkmiş şəxs Şamil İsrəfilov da yaralandığını
qeyd edərək deyib: “Odlu silahlardan atəş açırdılar, üzərimizə qumbara
atırdılar. Qumbara partlaması nəticəsində yaralandım”.
Ş.İsrəfilov dövlət ittihamçısı Fuad Musayevin suallarını
cavablandırarkən hadisə zamanı hərbçi yoldaşlarından 14 nəfərinin şəhid
olduğunu, 24 nəfərin isə yaralandığını söyləyib.
Zərərçəkmiş şəxs Vüsal Eyyubov ifadəsində Ermənistan
hərbçilərinin odlu silahdan açdıqları atəş nəticəsində yaralandığını diqqətə
çatdırıb. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq
hadisə zamanı hərbçi yoldaşları arasında şəhid olanların və yaralananların
olduğunu da bildirib.
Zərərçəkmiş Taciəddin Kərimov N saylı hərbi hissənin
hərbi qulluqçusu kimi əvvəllər Tərtər rayonunun inzibati ərazisinə daxil olmuş,
hazırda isə Ağdərə rayonuna aid olan Talış kəndi istiqamətində xidmət zamanı
mina partlayışı nəticəsində xəsarət aldığını bildirib. Vurğulayıb ki, həmin
vaxt o, xidmət yoldaşları ilə birgə azad edilmiş ərazilərdə təminat yolu açmaq
üçün sahənin minalardan təmizlənməsi prosesi ilə məşğul olublar. Növbəti
minanın zərərsizləşdirilməsi zamanı partlayış baş verib və o yaralanıb.
Zərərçəkən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə
rəisi Nəsir Bayramovun suallarına cavabında bildirib ki, həmin sahədə 59 mina
zərərsizləşdiriblər. Aşkarlanan minalar son illər basdırılan və Ermənistanın
istehsal etdiyi minalar olub. Zərərçəkmiş şəxs daha sonra bildirib: “Hadisə
zamanı hərbçi yoldaşlarım aralıda olduğuna görə onlar yaralanmadılar”.
Zərərçəkmiş şəxs Cavanşir Sultanov ifadəsində Ermənistan
silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin
təxribatının qarşısını alan zaman yaralandığını deyib.
Zərərçəkən Seymur Ağakərimov isə ifadəsində erməni
hərbçilərinin atdıqları minaatan mərmisinin partlaması nəticəsində xəsarət
aldığını vurğulayıb.
Zərərçəkmiş Vaqif Babayev Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğunu, Zəngilan rayonunda
xidməti vəzifələrini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət
aldığını qeyd edib. Onun sözlərinə görə, zirehli texnika ərazidə iş apararkən
tank əleyhinə minaya düşüb. Həmin vaxt yaxınlıqda olduğu üçün o, müxtəlif
xəsarətlər alıb. Zərərçəkən şəxs dövlət ittihamını müdafiə edən prokurorların
suallarını cavablandırarkən Ermənistanın mina terrorundan daha çox günahsız
mülki insanların əziyyət çəkdiyini söyləyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində
keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.
Məhkəmənin növbəti iclası mayın 6-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası
CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110
(insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə
qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11,
116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12
(qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7,
29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz
sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz
olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı
maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər),
278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları
yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz
olaraq keçmə) maddələri ilə ittiham olunur.
tag: Məhkəmə, Vardaryan,Ermənistan, Cinayət, todaypress.az,