Yumurta xərçəngin aqressiv formasını sürətləndirir

Sosial

05.04.2025 13:20

2978

Yumurta, donuz əti və bəzi bitki yağlarında olan linoleik turşusu süd vəzisi xərçənginin aqressiv alt tipinin inkişafını sürətləndirə bilər.   

TodayPress xəbər verir ki, bu nəticə ABŞ-nin Veyl Kornell Tibb Mərkəzinin alimləri tərəfindən aparılan tədqiqatda əldə olunub.

Araşdırmanın detalları “Science” jurnalında dərc edilib.  Linoleik turşusu orqanizmdə bir çox bioloji proseslərdə iştirak edən “omega-6” qrupuna aid vacib maddədir. 1950-ci illərdən bu yana onun qida rasionundakı miqdarı artıb.

Bunun əsas səbəbi bitki yağlarının, yağlı ətlərin və fastfud məhsullarının daha geniş yayılmasıdır. Son illərdə alimlər bu maddənin həddindən artıq qəbulu ilə xərçəng hallarının, xüsusən də süd vəzisi xərçənginin artması arasında əlaqə ola biləcəyini irəli sürürlər. 

Vəziyyətin mexanizmini anlamaq üçün siçanlar üzərində aparılan təcrübələr göstərib ki, linoleik turşusu hüceyrə bölünməsini tənzimləyən “TORC1” siqnal yolunu aktivləşdirə bilər.

Məlum olub ki, bu maddə süd vəzisi xərçənginin “üçlü neqativ” adlanan formasında çoxlu miqdarda istehsal olunan “FABP5” adlı zülalla kompleks yaradaraq xərçəng hüceyrələrinin aktivləşməsinə səbəb olur. 

“Üçlü neqativ” süd vəzisi xərçəngi estrogen, proqesteron və “HER2” reseptorlarının heç birini daşımadığı üçün nə hormonal, nə də hədəflənmiş terapiyaya yaxşı cavab vermir. Bu səbəbdən, bu xərçəng növü daha aqressiv sayılır, sürətlə inkişaf edir və digər növlərlə müqayisədə daha tez təkrarlanır. 

Qiymət Mahir

tag: Alimlər,Araşdırma,Yumurta,Xərçəng,Todaypress.az,