Yasamalda COP29 öncəsi ağaclar məhv edildi: QANUNSUZ TİKİLİ APARILIR
Sosial
02.07.2024 14:55
Azərbaycan mötəbər COP29 tədbirinə ev sahibliyi edəcək. Bununla əlaqədar ölkədə müntəzəm tədbirlər keçirilir, xarici nümayəndələr Azərbaycana dəvət olunur. Lakin bunun fonunda paytaxtın bir sıra bölgələrində ekologiyaya zid davranışlar müşahidə edilir.
Belə bir hal Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında yaşanıb. Ekspertlərin fikrincə, bu kimi hallar həm vətəndaşları narahat edir, həm də noyabrda baş tutacaq və 80 mindən çox xarici qonağın iştirak edəcəyi COP29 tədbirinin ünvanına ciddi xələl yetirir.
Məsələ ilə bağlı TodayPress-ə açıqlama verən, ekoloq Sevil Yüzbaşova bildirib ki, ağacların kəsilməsi torpaqların səhralaşmasına səbəb olur. Onun sözlərinə görə, hazırda Azərbaycanda quraqlıq 40 faizə çatıb.
“Bu gün dünyada hər 8 dəqiqədə 259 hektar meşə sahəsi dağıdılır. Bir çox yerlərdə qiymətli ağaclar məhv edilib, yerinə tez yetişən iynəyarpaqlı şam ağacları əkilir. Bu olduqca mənfi haldır. Çünki həmin şam ağaclarının bir sıra növləri var ki, onlar torpağın turşuluq faizini artırır və ziyan verir. Enliyarpaqlı ağacların əkilməsi daha çox məqsədəuyğun olar. Həmin ağaclar insan sağlamlığı üçün daha faydalıdır”.
“Son 30 ildə Azərbaycanda ekoloji mühitin korlanması iki istiqamətdə gedib”. Bunu isə TodayPress-ə açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun qənaətincə, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi vəhşilik, eləcə də 1990-cı illərin plansız şəhərsalma layihələri və xaotik urbanizasiya yaşıllıq sahələrinin yoxa çıxmasına səbəb olub. Elman Cəfərli qanunsuz ağackəsənlərə qarşı daha sərt qaydaların tətbiqini təklif etdi:
“Payızda ölkəmiz mühüm beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Toplantı iştirakçılarının diqqətinə Ermənistanın ölkəmizə qarşı törətdiyi ekoloji cinayətlərlə bağlı faktları təqdim etmək istəyirik. Amma özümüz paytaxt Bakıda təbiət düşmənlərinə, ağac qatillərinə dur deyə bilmirik. İllərdir müzakirə olunur, amma qərar verilmir. Hesab edirəm ki, uşaqlarda ekoloji şüuru daha erkən formalaşdırmaq üçün məktəblərdə ekologiya fənni ayrıca tədris olunmalıdır. Bundan başqa qanunsuz ağackəsənlərə qarşı cərimələrin miqdarının artırılmasını təklif edirəm”.
Qeyd edək ki, Yasamal rayonunda baş verən məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb və bildirilib ki, sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılan ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Nəticədə faktla bağlı akt tərtib olunub. Hazırda təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanan sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Töhfə Səmədova
tag: Yasamal, Ağaclar, Payız, COP29, Ekoloji Təhlükəsizlik, Beynəlxalq Tədbir,