Xocalı qətliamının canlı şahidi: “İnsanların dərisinin diri-diri soyulmasını gördüm”
Sosial
17.01.2025 16:24
“Xocalıda insanların dərisinin diri-diri soyulmasının və başının kəsilməsinin şahidi olmuşam”.
TodayPress xəbər verir ki, bunu Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi prosesində jurnalistlərə açıqlamasında Xocalı qətliamının canlı şahidi olan Nazim Hüseynov bildirib.
Zərərçəkmişin sözlərinə görə, o, 1992-ci ildə Xocalıda qətliam törədilən ərazidə baş verən hadisələrin şahidi olub:
“Acımasız şəkildə öldürülən şəxslərin, şəhidlərin nəşlərinin götürülməsində də iştirak etmişəm. O vəhşiliyi, orada insanların dərisinin diri-diri soyulmasını, başının kəsilməsini görmüşəm. Qətliam törədilən ərazidə şəhidləri yığanda orada diri-diri qolları arxadan bağlanılaraq yandırılan Təvəkkül adında insanı götürmüşəm. Şahbaz kişinin alın nahiyəsindən başının dərisinin soyulmasının şahidi olmuşam. Hafiz adında bir qardaşımızın başı kəsilmiş meyitini görmüşəm. Başını axtarıb tapa bilməmişəm...”.
Nazim Hüseynov özünün Birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu vurğulayıb.
Qeyd edək ki, yanvarın 17-də Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi keçirilib. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində prosesə cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xocalı soyqırımı dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanır.
Günəş Mərd
tag: Xocalı, Soyqrım, Qətliam, Erməni ,Qəsbkar ,todaypress.az,