Xəstələrə vaxtı keçmiş dərmanlar verilib? – TƏBİB “WhatsApp” yazışmalarına aydınlıq gətirdi
Sosial şəbəkələrdə Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanların verilməsi ilə bağlı yayılan yazışmalarla bağlı araşdırma aparılır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib.
"Nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək" deyə əlavə edilib.
Qeyd edək ki, “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyevin məlumatına görə, adı çəkilən xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (o, həm də xəstəxana direktorunun həyat yoldaşıdır – red.) tibb işçilərinin "WhatsApp" qrupuna bu cür mesaj göndərib:
“Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq”. Müqəddəs Mehdiyevin sözlərinə görə, bu yazışma tibb işçiləri arasında ciddi narazılıq yaradıb. İddialara görə, yaranan mübahisələrdən sonra İlhamə Hacıyevanın göstərişi ilə “WhatsApp” qrupu bağlanıb: “Bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu yazışmalar da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq”.
Töhfə Səməd
tag: TƏBİB,Araşdırma,Yazışma,Dərman ,Qusar,todaypress.az,