Vüsal Şıxəliyev: “Biznes mühitinin qiymətləndirilməsi üçün ölçü meyarları olmalıdır”
Sosial
24.10.2024 12:55
“Xarici və yerli investisiya müəssisələrinin qeydiyyatı ilə bağlı yaradılmış əlverişli imkanlar daxil olmaqla "Biznesə daxilolma"ya dair aparılan son islahatların genişləndirilməsində özəl sektorun böyük rolu olacaq”.
TodayPress xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Biznesə daxilolma" İşçi qrupun iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda biznes mühitinin ayrı-ayrı sahələrinin qiymətləndirilməsi üçün ölçü meyarları olmalıdır. İşçi qrupu xüsusilə özəl sektor daxil olmaqla, maraqlı tərəfləri biznes sahəsində islahatların hazırlanması prosesində fəal şəkildə iştirakını təmin edir. Eyni zamanda, islahatlar qəbul edildikdən sonra onların tətbiqi barədə maraqlı tərəfləri məlumatlandırılır.
Qeyd edək ki, Azərbaycanın Dünya Bankının “Business Ready” hesabatına 2025-ci ilin sentyabrında daxil ediləcəyi gözlənilir. Bu ilin oktyabr ayında 50 ölkənin daxil olduğu yeni hesabatın ilk buraxılışı dərc edilib. Bu hesabat dərci dayandırılmış "Doing Business" hesabatını əvəz edəcək və gələn ildən daha çox ölkə iqtisadiyyatların əhatə olunacağı gözlənilir. "Business Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və yaxud yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə.
Töhfə Səməd
tag: Biznes, Vüsal Şıxaliyev, Azərbaycan, Müəssisələr, İşçi Qrupu, todaypress.az,