Vüqar Bayramov: “Minaların tamamilə təmizlənməsi üçün 30 milyard dollar pul lazımdır”
Sosial
24.10.2024 10:52
“Azərbaycan ərazisindən minaların tamamilə təmizlənməsi üçün 25 il vaxt və 30 milyard dollar pul lazımdır”.
TodayPress xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycandakı mina qurbanlarının sayı hər ay daha çox artmaqdadır. Hətta hazırki statistika Cənubi Qafqazdakı qurbanlarının sayından iki dəfə çoxdur. Minaların mövcudluğu iqtisadiyyata ciddi ziyan vurur. Belə ki, həmin ərazilərdən məhsul alına bilmir və əhalinin ixtiyarına verilə bilmir:
“Minaların təmizlənməsi üçün beynəlxalq dəstəyə ehtiyac var. Buna görə də minadan təmizləmə aktual problem olaraq qalacaq. Bu məsələ yeni texnologiyalar tələb edir. 2026-cı ilin sonunadək 140 min Azərbaycan vətəndaşı məskunlaşacaq”.
Qeyd edək ki, dəyirmi masada minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycan Respublikasının rəsmi qurumlarının nümayəndələri, o cümlədən ANAMA, Milli Məclis üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “YAŞAT” fondu, Ombudsman Aparatı, minadan zərərçəkənlər, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak və çıxış edirlər.
Töhfə Səməd
tag: ANAMA, Mina, Vüqar Bayramov, Qurbanlar, Cənubi Qafqaz, todaypress.az,