Uşaq qidalarının qiyməti niyə “əl yandırır” ? – Eskpert AÇIQLADI

Sosial

03.02.2025 18:28

“Uşaq qidalarının gömrük rüsumlarının 35-40%-ə çatması bu məhsulların qiymətinin çox artmasına səbəb verib”.

İqtisadçı Asif İbrahimov süni uşaq qidalarının qiymətlərində müşahidə olunan artımla bağlı TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə süni uşaq qidalarında baş verən qiymət artımı həm daxili, həm də xarici faktorlarla bağlıdır: 

“Dünyada baş verən iqtisadi proseslər, infilyasiya və digər hadisələr bütün məhsulların bahalanmasına təsir göstərir. Bu istiqamətdə düşünürəm ki, xüsusi addım atılmalıdır. Xüsusilə uşaq qidalarının gömrük rüsumlarının 35-40%-ə çatması bu məhsulların qiymətinin çox artmasına səbəb verib. Uşaq qidaları satan təşkilatlara müəyyən dotasiyalar verməklə, gömrük rüsumlarına müəyyən güzəştlər etməklə bu məhsulların qiymətini aşağı salmaq olar. Eyni zamanda qiymətlərin aşağı düşməsi üçün ən optimal variant uşaq qidalarının Azərbaycanda istehsal edilməsi üçün təşviqat işlərinin həyata keçirilməsidir”. 

İqtisadçı Azərbaycanda qida təhlükəsizliyi probleminin olduğunu bildirərək həyəcan təbili çalıb.

“Ümumiyyətlə, Azərbaycanda istər uşaq qidaları, istərsə başqa qidalarla bağlı qida təhlükəsizliyi ciddi təhdid altındadır. Çünki bir çox məhsulları xaricdən idxal etdiyimiz üçün orta statistik istehlakçının keyfiyyət, kəmiyyət və qiymət baxımından hər cür qida ilə təmin olunmasında müəyyən çətinliklər yaranır. Qida təhlükəsizliyinin təmin edilməsinin ən önəmli meyarı orta statistik vətəndaşların ucuz, keyfiyyətli qida ilə təminini təşkil etməkdir. Belə olan halda bir variant qalır ya biz ölkəmizdə bir çox ucuz və keyfiyyətli məhsulların istehsalına təmin etməliyik ya da ümumdünya ticarət təşkilatına daxil olmalıyıq” deyə ekspert diqqətə çatdırıb.

Nicat Osman

tag: Qida,Uşaq ,Təhlükəsizlik,İqtisadçı ,Todaypress.az,

photo