Universitetlərin Bakıdan köçürülməsi niyə yubanır? /- Ekspertdən açıqlama
Sosial
11.09.2024 15:41
Hər il dərs ili başlandıqdan sonra əsasən səhər saatlarında paytaxtın mərkəzi küçələrində, xüsusilə də ali təhsil müəsissələri olan ərazilərdə sıxlıq yaranır. Bir müddət öncə ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsinin paytaxtdakı sıxlıq probleminin həllində vacib olduğu bildirilirdi. Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Müşahidələrimə əsasən, bu il də sözügedən istiqamətdə heç bir əməli tədbir görülməyib.
Təhsil üzrə ekspert Elçin Əfəndi mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, Bakıda yerləşən bəzi ali təhsil müəssisələrinin paytaxtdan kənara çıxarılması məsələsi hazırda gündəmdədir. Lakin bu, 2050-ci ilə qədər reallaşdırılması nəzərdə tutulan bir prosesdir:
“Burada təkcə universitetlərin paytaxtdan köçürülməsi məsələsi yox, tələbə şəhərciyinin yaradılması da nəzərdə tutulur. Amma hazırda paytaxtdakı hər hansısa bir universitetin bu il və yaxud gələn il başqa əraziyə köçürülməsi tam təsdiq olunmayıb”.
Onun sözlərinə görə, paytaxtda sıxlığın yaranması burada yerləşən ali təhsil müəssisələrindən ziyadə, nəqliyyatın və əhalinin çoxluğu ilə bağlıdır:
“Demək olar ki, bölgələrdə yaşayan sakinlərin bir çoxu Bakıda yaşamağa maraqlıdırlar. Onlar paytaxta gəldikcə burda əhalinin sayı artır. Bu nəqliyyatın işində də problem yaradır”.
Ekspert Bakıdakı sıxlıq problemini həll etmək üçün başqa alternativlər də irəli sürüb:
“Biz dəfələrlə təklif etmişik ki, paytaxt dəyişilsin. Yaxud da paytaxtda mövcud olan bəzi qurumlar müxtəlif bölgələrə köçürülsün. Bu, daha məqsədəuyğun olar. Amma indiki halda daha çox nəqliyyat yol infrastrukturunu inkişaf etdirmək, yeniləmək lazımdır ki, qarşıdakı aylarda bu sıxlığı aradan qaldırmaq mümkün olsun”.
Qeyd edək ki, hazırda Azərbaycanda 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. Bakıda yerləşən ali təhsil müəssisələrinin sayı 35-dir.
Günəş Mərd
tag: Elçin Əfəndi ,Universitetlər ,Bakı ,Köçürülmə ,Paytaxt, todaypress.az,
![photo](/uploads/news/66e179aac8ded.jpg)