Ümumrespublika təmizlik marafonu haraları əhatə edir? – RƏSMİ AÇIQLAMA

Sosial

10.07.2024 18:10

“Sabahdan bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək Ümumrespublika Təmizlik Marafonuna start verilir”

Bunu TodayPress-ə verdiyi açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. 

Nazirlik rəsmisi hesab edir ki, davamlı təmizlik aksiyaları vətəndaşlarımızda cavabdehlik məsuliyyəti formalaşdırır, tullantılarla çirkləndirilmiş yerlərə görə hansısa qurumun deyil, hər birimizin məsuliyyətinin olduğunu başa düşməyə şərait yaradır. Ona görə də belə aksiyalar davamlı olmalıdır.

Qeyd edək ki, Bakıda illərdir keçirilən bu kimi aksiyalar daha çox turistik yerləri əhatə edir. Lakin paytaxt şəhər sadəcə həmin zonalardan ibarət deyil. Xüsusilə ətraf bölgələrdə vəziyyət olduqca acınacaqlıdır.

Məsələ ilə bağlı TodayPress-ə danışan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşı Dəniz Həsənova bildirib ki, mənzil-kommunal təsərrüfat birliklərinin əməkdaşları tərəfindən günboyu rayonların ərazisində təmizlik işləri həyata keçirilir. Küçə və prospektlər, həyətlər, məhəllə daxili yollar və digər sahələr birliyin təhkim olunmuş əməkdaşları tərəfindən təmizlənir. Bundan başqa, mütəmadi olaraq ümumşəhər iməciliklikləri keçirilir və bu zaman Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilir.

Töhfə Səməd

tag: Marafon, Dəniz Həsənova, İradə İbrahimova,Təmizlik, Ekologiya, todaypress.az,

photo