Ukraynadan daha 30 nəfər uşaq ölkəmizə gətirildi
Sosial
03.10.2024 16:54
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə daha 30 nəfər ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
TodayPress xəbər verir ki, uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.
Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Reabilitasiya proqramı onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.
Uşaqların Azərbaycan mədəniyyəti, milli-mədəni, tarixi irslə daha yaxından tanışlığı üçün onların Şəki və Qəbələ şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dək ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.