Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - YENİLƏNDİ
Sosial
27.11.2024 22:45
Tovuzda yol qəzasında ölənlərdən beşi
hərbçidir.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən
bildirilib.
Qeyd edilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz
rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması
nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan
Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş
Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov
Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi
qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir,
səbir diləyir.
***
22:00
Fövqəladə Hallar
Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan
ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı
vəziyyətdə qalması barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə
Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən
“Mercedes” markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik
avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və
deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların
olduğu müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə “Mercedes”
markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək
təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin
meyiti aidiyyəti üzrə təhvil verilib.
Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik
tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
21:12
Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub,
ölənlər var
TodayPress xəbər verir ki, hadisə rayonun Əlimərdanlı
kənd yolunda qeydə alınıb.
Qəza nəticəsində bir neçə nəfər aldığı xəsarətdən
dünyasını dəyişib. Ağır xəsarət alanlar da var.
Faktla bağlı araşdırma aparılır.
tag: Tovuz, Qəza, Ölüm, Yol- Nəqliyyat, Əlimərdanlı, todaypress.az,