Torpaq kateqoriyasını dəyişdirmək üçün müraciət edənlərin sayı açıqlandı – RƏSMİ

Sosial

23.01.2025 15:53

“Torpaqların kateqoriyalarına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə yanvar ayının 7-dən 21-nədək 40 müraciət qeydə alınıb”. 

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.  

Qeyd olunub ki, daxil olmuş müraciətlər üzrə sənədlərin tamlığı və qaydalara uyğunluğu təhlil olunur, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə elektron sistem vasitəsilə müraciət edən torpaq mülkiyyətçilərinə, vətəndaşlara izahlar verilir və metodiki köməkliklər göstərilir: 

“İlkin mərhələdə daxil olan müraciətlərin sırasında yaşayış məntəqələri sahəsinə aid olmayan torpaqlarda, o cümlədən,  kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyası ilə bağlı müraciətlər üstünlük təşkil edir. Bu cür müraciətlərlə bağlı bildiririk ki, əvvəlki dövrlərdə salınmış və həmin yaşayış massivlərinin yerləşdiyi ərazi üzrə fəaliyyət göstərən rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr tərəfindən mövcud vəziyyətin qanunvericiliklə müəyyən edilmiş ərazi planlaşdırma və şəhərsalma-tikinti qaydalarına uyğunluğu dəqiqləşdirilməlidir. Belə müraciətlər fərdi qaydada deyil, rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr tərəfindən yaşayış massivi üzrə olunmalıdır”. 

Xatırladaq ki, torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı qaydalar 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minib. Müvafiq müraciətlər bilavasitə Əmlak Məsələləri Dövlət Xidmətinə edilir. "Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti isə yanvarın 7-dən istifadəyə verilib. 

Töhfə Səməd

tag: Torpaq,Kataqoriya,Dəyişim,Əmlak Məsələləri,todaypress.az,