Təsadüfi universitet seçimi nə ilə nəticələnə bilər? – EKSPERT

Sosial

21.04.2025 16:00

72

“Abituriyentlərin xarici ölkələrin ali təhsil müəssisələrinə müraciət etməsinə səbəb ya onların buraxılış imtahanlarının nəticələrinin aşağı olması, ya da onların xaricdə təhsil almaq istəkləri ilə bağlıdır”.   

Təhsil eksperti Elçin Əfəndi bu barədə TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, tələbələr universitet seçərkən mütləq araşdırma aparmalı və təsadüfi seçimlərdən çəkinməlidirlər:   

“Təsadüfi və ya kortəbii formada universitetlərin seçilməsi gələcəkdə diplomun tanınması ilə bağlı problem yaradır. Elm və Təhsil Nazirliyinin saytında konkret olaraq hansı ölkələrin diplomlarının tanınmadığı qeyd olunub. Bu siyahı nəzərə alınmalıdır. Xüsusilə dünya reytinq sıralamasında ilk 500-lükdə yer alan universitetlərə müraciət edilməsi məsləhətlidir".   

Ekspert bildirib ki, balları yüksək olan və ya maddi imkanı olan abituriyentlər üçün Kembric, Oksford, Harvard kimi nüfuzlu universitetlər yaxşı seçimdir.

Qardaş ölkə Türkiyədə Sabancı, Koç, İstanbul Texniki Universiteti, Gürcüstanda Tbilisi Dövlət Tibb Universiteti, İtaliyada isə Trento Universiteti həm tədris keyfiyyəti, həm də diplomlarının tanınması baxımından əlverişlidir. 

Ölkəmizdə qiyabi və distant təhsil formalarının tanınmadığına diqqət çəkən ekspert vurğulayıb ki,tələbələr əyani təhsilə üstünlük verməlidirlər.   

“Diplomun tanınması üçün yalnız universitet deyil, tədris forması da vacibdir. Tələbənin bilik və bacarıqları, həmçinin ixtisası və dil bilikləri də yoxlanılır. Əgər bütün bu meyarlara cavab verirlirsə, diplomlarının tanınmasında problem yaranmır” o yekunlaşdırıb. 

Türkan İsgəndərli

tag: Elçin Əfəndi,Ekspert,Təhsil,Məktəb,Azərbaycan,Universitet,Seçim,Todaypress.az,

photo