Şuşa-Laçın avtomobil yolunda qəza baş verdi
Sosial
21.10.2024 20:19
Fövqəladə Hallar
Nazirliyinin “112” qaynar telefon xəttinə Şuşa-Laçın avtomobil yolunun 8-ci
kilometrində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki, bu barədə FHN-in Mətbuat
xidməti məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən
müəyyən olunub ki, “HOVA” markalı yük avtomobili idarəetməni itirərək yol
kənarına aşıb və müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü nəqliyyat vasitəsində
köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə sürücü
1980-ci il təvəllüdlü Rafail Səxavət oğlu Rəcəbovu deformasiyaya uğramış
avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.
tag: Qəza,Şuşa, Xəstəxana, Avtomobil, todaypress.az,