Sosioloq: “Filankəsin uşağı universitetə qəbul oldu, sən ola bilmədin” fikrindən uzaq durmalıyıq”
“Valideynlər hesab edirlər ki, övladları yaxşı universitetə qəbul olmasalar, gələcəkdə yaxşı iş tapmaq imkanını itirmiş olacaqlar”.
Sosioloq Yusif Nəbiyev bunu TodayPress-ə imtahan nəticələrinə görə intihar saylarının artmasını şərh edərkən deyib.
Sosioloq bunun səbəbini bizim kollektivist bir cəmiyyət olmağımızda görür:
Onun sözlərinə görə, Azərbaycan kimi kollektivist cəmiyyətlərdə fərdi uğur çox vaxt ailənin, hətta bir nəslin uğuru kimi qəbul edilir və bu, valideynlərin övladlarından gözləntilərini daha da yüksəldir.
“Filankəsin uşağı universitetə qəbul oldu, sən ola bilmədin” kimi müqayisələr, əslində, sosial status və nüfuz məsələsidir. Valideynlər uşaqlarının uğurunu öz sosial mövqelərinin güzgüsü kimi görürlər. Mən hələ öz reallaşmamış arzularını övladlarının timsalında reallaşmış görməyə can atan, bununla xəyali də olsa arzularını gerçəkləşdirən valideynlərin təzyiq formalarından danışmıram. Lakin nəzərə alınmalıdır ki, imtahanda uğursuzluqla üzləşmiş yeniyetmələri intihara sürükləyən faktorlar arasında digər psixoloji faktorlar da var. Təəssüf ki, əksər ailələrdə uşaqların psixoloji sağlamlığına yetərincə önəm verilmir. Valideynlər daha çox maddi təminata və akademik uğura fokuslanır, lakin psixoloji dayanıqlılığı gücləndirmək üçün lazımi dəstəyi göstərmirlər. Bu isə imtahan stresini daha da ağırlaşdırır və bəzi hallarda ağır nəticələrə gətirib çıxarır. Məğlubiyyəti həzm etməyi öyrənməmiş yeniyetmə fərd öz yoldaşlarından geridə qalmağın utancını sağlam yaşaya bilmir. Qohumlarının tənqidlərini və ya uzun tövsiyələrini sağlam dinləyə bilmir. Gələcəklə bağlı qeyri-müəyyənliyin üzünə dik baxa bilmir. Həyatın özünün başdan-ayağa qeyri-müəyyənlik olduğunu anlaya bilmir. Nəticədə bütün bunlara destruktiv formada cavab verir”.
Mütəxəssis bu faciəvi tendensiyaya son qoymaq istəyiriksə, qəti surətdə vaxt itirmədən akademik uğurun tək çıxış yolu olmadığı barədə ictimai düşüncəni dəyişdirməli olduğumuzu bildirib.
“Peşə təhsili, sahibkarlıq və alternativ karyera yollarını təşviq etməliyik. Paralleldə isə məktəblərdə və ailələrdə psixoloji dayanıqlılığı artırmaq üçün psixoloji iş aparılmalı, lazım olarsa, dəstək proqramları təşkil olunmalıdır. İmtahanların insan həyatındakı əhəmiyyəti reallığa uyğun qiymətləndirilməli, bunun uğurun tək meyarı olmadığı yeniyetmələrə aydın izah edilməlidir” deyə Y. Nəbiyev fikrini sonlandırıb.
Qeyd edək ki, hər il qəbul və buraxılış imtahanı ərəfəsində ölkəmizdə yeniyetmə və abituriyent intiharları yenidən gündəmə gəlir. Bəzi gənclər imtahandan yüksək nəticələr əldə edə bilmədiklərinə görə intihara cəhd edirlər.
Qiymət Mahir
tag: Yusif Nəbiyev,Sosioloq,Valideyn,Uşaq,Todaypress.az,