Sosial şəbəkələrdə səfir Polad Bülbüloğlunun adından saxta məlumatlar paylaşıldı

Sosial

17.07.2024 20:38

Feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı (RF) fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından guya səhhətinin pis olması, həkimlərdən şikayət etməsi və məcburi müalicə kursu keçməsi barədə videomüraciət yayılıb.

TodayPress Azərbaycanın RF-dəki səfirliyinə istinadən xəbər verir ki, “deep-fake” texnologiyası ilə həyata keçirilən videomüraciət həqiqətə uyğun olmayan və yalan məlumat ehtiva edən kobud saxtakarlıqdır.

Diplomatik nümayəndəlik qeyd edib ki, belə bir müsahibə heç vaxt olmayıb və videoda nümayiş etdirilənlər Azərbaycanın “CBC” telekanalına bir dəfə verilən müsahibə əsasında başdan sona qədər hazırlanmış quramadır. Saxta videoda P.Bülbüloğlunun ekrandakı nitqinin təsvirlə üst-üstə düşmədiyi aydın görünür.

“Bu saxtakarlığı görən hər kəsi orada yayılan təxribatlara inanmamağa çağırırıq. Sözügedən saxta videomüraciət ilə bağlı tərəfimizdən müvafiq tədbirlər görüləcək. Xüsusi təəssüf hissi ilə qeyd edirik ki, feysbuk sosial şəbəkəsi təkrar müraciətlərə baxmayaraq şikayətlərə heç bir reaksiya vermir və bu məzmunun bloklanması və ya silinməsi üçün heç bir tədbir görmür” deyə səfirlikdən bildirilib.

tag: Polad Bülbüloğlu, Feysbuk, Səfir, Rusiya Federasiyası, todaypress.az,