Sertifikasiyadan keçə bilməyən taksi sürücülərinin aqibəti necə olacaq? - Ekspert AÇIQLADI
“Taksi sürücüləri zəhmət çəkib oxusunlar ki, sertifikatlaşdırma prosesindən kənarda qalmasınlar".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, sürücülərə bununla bağlı dəfələrlə xəbərdarlıq olunsa da, onlar bunu ciddiyə almayıblar.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən taksi sürücülərinə sertifikasiyadan keçmək və qaydalara uyğun işləmək barədə dəfələrlə xəbərdarlıq edilib. Sürücülərin qaydalara əməl etməsi zəruridir. Ancaq onların bir çoxu hesab edirdi ki, onlara güzəştə gediləcək. Amma belə olmadı. Diqqətinizə çatdırım ki, bundan sonra da yoxlamalar, araşdırmalar aparılacaq”.
Ekspert əlavə edib ki, taksi sürücülərinin sertifikasiya imtahanından kəsilməsi qiymətlərə ciddi təsir etməyəcək.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün imtahan keçirir.
Bu imtahanlardan uğursuz keçən sürücülər taksi fəaliyyətindən uzaqlaşdırılır. "Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər. Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər bildiriblər ki, sözügedən məsələ ilə bağlı xeyli şəxs işdən çıxarılıb.
Türkan İsgəndərli
tag: Elməddin Muradlı,Ekspert,Taksi,Sürücü,Aqibət,Todaypress.az,
