Səkinə Babayeva: “Qadın sahibkarlığının gücləndirilməsi əsas prioritetimizdir”
“Əsas məqsədimiz regionlarda və Bakı ətrafında yaşayan qadınların iqtisadi gücünü artırmaqdır”.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri, “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva bunu Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisində TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Assosiasiya hazırda qadınların iqtisadi səlahiyyətlərinin artırılması və təlim-tədris birliklərinin formalaşdırılması üzərində işləyir.
“Korporativ sosial məsuliyyət çərçivəsində qadınların təlim-tədris proseslərinə cəlb edilməsi və onları sahəvi fəaliyyətlərə yönəltmək bizim əsas fəaliyyət istiqamətlərimizdəndir. Bugünkü stendimizdə də məhz bunu nümayiş etdiririk. Hazırda digər ölkələrin qadın sahibkar assosiasiyaları ilə körpülər qurulur. Bu əməkdaşlıq investisiya mühitinin zənginləşməsinə xidmət edir. Türkdilli xalqların qadınlarının məhsulları da bizim stenddə nümayiş olunur. Məqsədimiz beynəlxalq əlaqələri genişləndirməklə yanaşı, rəqəmsal texnologiyaların gətirilməsi və qadınlarımızın yeni mexanizmlərlə tanış olub inkişaf etməsidir”.
Sədr həmçinin əlavə edib ki, kənd təsərrüfatı sahəsində Assosiasiyanın Kənd Təsərrüfatı Nazirliyi ilə memorandumu mövcuddur. Bu sənədə əsasən ev təsərrüfatlarında fəaliyyət göstərən qadın sahibkarlar dəstəklənir:
“Torpaq sahələrinin birləşdirilməsi, qonşu təsərrüfatların kooperativlərə çevrilməsi əsas prioritetlərimizdəndir. Quşçuluq, heyvandarlıq və tərəvəzçilik kimi sahələrdə qadınlarımızın sahəvi ixtisaslaşmasına təşviq edirik.
Layihələrdən biri də məhz “Üfüqdə fürsətlər: Qadın sahibkarlığa yaşıl işıq” proqramıdır. Bundan başqa, builki sərgidə əsas şüarımız “Yaşılı sev, yaşılla qorun”dur”.
Kənd təsərrüfatının həyatın bütün sahələrinə təsirindən danışan S. Babayeva burada Assosiasiyaların roluna və dövlət dəstəyi mexanizmlərinə də diqqət çəkib:
“Bu gün Assosiasiyalar üçün yaradılan imkanlar və dövlət dəstəyi sayəsində qadın sahibkarlar aqrar kredit, aqrar sığorta və digər mexanizmlərdən yararlana bilir. Toyuqçuluqdan tutmuş kartofçuluğa qədər sahələrin inkişafında Assosiasiyalar olaraq məlumatı sahibkarlara çatdırmaq bizim borcumuzdur”.
O, sonda vurğulayıb ki, qadın sahibkarlara həm dövlətin, həm də medianın dəstəyi yeni stimul verir. Buna görə də göstərilən hər bir dəstək əvəzolunmazdır.
Töhfə Səməd
tag: Səkinə Babayeva,Sahibkar,Qadın,Sahibkarlıq,Todaypress.az,