“Şəhərin küçələrini yağış sularının basması normal haldır” - RƏSMİ AÇIQLAMA
Sosial
22.10.2024 11:16
“Bir neçə gündür respublikanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda yağan yağış illik normadan dəfələrlə artıqdır. Bu isə tullantı, o cümlədən yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda, borularda təbii ki, problemlər yarada bilir. Əgər həmin vasitələr müəyyən miqdar üçün nəzərdə tutulmuşdusa və ondan dəfələrlə çox su miqdarı yaranıbsa, bu gün bizim şəhərimizin küçələrində, əlbəttə ki, belə hal baş verməli idi”.
Bunu TodayPress-ə verdiyi açıqlamada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu deyib.
Onun sözlərinə görə, payız aylarında şəhərin bir sıra küçələrində suların yığılması halları baş verir. Bu, Avropanın inkişaf eləmiş əksər ölkələrində və şəhərlərində də yaşanır.
“Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən kollektorlar, borular, o cümlədən yağış suları ilə bağlı yaradılan sistemlər sovet dövründən qalan, bir çoxu isə artıq istismar müddətini bitirən vasitələrdir. Bununla yanaşı, biz 15-20 il bundan öncəyə baxsaq görərik ki, Bakı şəhərində 2 milyon əhali var idisə, artıq bu say 5 milyondan çox, 6 milyona yaxındır. Məhz bir bu qədər də yaşayış yerlərinin sayı artıb. Həmin evlərin çoxu isə magistral su, kanalizasiya xətlərinin, kollektorların üzərində inşa olunublar”.
Rəsmi nümayəndə diqqətə çatdırıb ki, “Bakı şəhərinin Baş planı 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq, müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.
“Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemləri dəfələrlə artıq yüklənir. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin”.
Töhfə Səməd
tag: Yağış, Avropa, Azərbaycan,Ceyhun Musaoğlu,Bakı şəhərinin Baş planı 2040, todaypress.az,