“Sağlam məktəbli” layihəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
TodayPress xəbər verir ki, məktəblilər arasında sağlam qidalanmanın təşviqi məqsədilə növbəti görüş Kaspi liseyinin müraciəti əsasında adıçəkilən məktəbdə keçirilib.
Tədbirdə iştirak edən 70-ə yaxın məktəbliyə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə məlumat verilib.
Şagirdlər öz növbələrində zərərli qidaların insan sağlamlığına mənfi təsirlərini əks etdirən səhnəcik nümayiş etdiriblər.
Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Təhlükəsiz qidalanma necə olmalıdır?” və “Şəkərin insan sağlamlığına zərərləri” mövzularında təqdimatlar edilib. Görüşdə qidalanma mövzusunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.
tag: AQTA, Monitorinq,Məhsullar,Sahibkar,Todaypress.az,