Rəşad Məcid: “Hansısa qüvvələr informasiya məkanımızı zəiflətməyə cəhd edirlər”
"Azərbaycanın aparıcı internet media resursları olan “Report.az”a, “Oxu.az”a, “Baku.ws”ə, “Baku.tv”yə, “Media.az”a və “Caliber.az”a kiberhücumlar ölkəmizin informasiya təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırır".
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bu barədə TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, hücumların eyni anda və eyni üsulla həyata keçirilməsi ortada kifayət qədər düşünülmüş, məqsədli şəkildə reallaşdırılmış kampaniya olduğunu deməyə əsas verir:
"Hesab edirəm ki, bu amil dövlət qurumlarımızın diqqətini də çəkəcək. Ümumən, belə hallar ilk dəfə yaşanmır. Kiberhücumların sayının artması ondan xəbər verir ki, hansısa qüvvələr informasiya məkanımızı zəiflətməyə cəhd göstərirlər. Məqsədin bütövlükdə Azərbaycanın ictimai mühitinə təsir göstərmək olduğuna dair əsaslı şübhələr var. Deməli, vəziyyətə həssas yanaşmaq həm də buna görə vacibdir".
Sədr diqqətə çatdırıb ki, Azərbaycanda son zamanlar kiber təhlükəsizliyin qorunması sahəsində çox böyük işlər görülüb. Bu işlər sahənin kritiklikliyi nəzərə alınmaqla gerçəkləşdirilib.
"Ümid edirəm ki, media orqanlarımızın üzləşdikləri duruma da bu aspektdən yanaşılacaq və problemlər tezliklə aradan qaldırılacaq. Ən əsası isə belə xoşagəlməz vəziyyətlərin gələcəkdə təkrarlanmaması üçün lazımi addımlar atılacaq".
Töhfə Səməd
tag: Rəşad Məcid,Kiber hücum,Mətbuat Şurası,Report.az,Todaypress.az,