Qohum evliliyi ilə bağlı qadağa gizlin nikahların sayını artıracaq? – Millət vəkili AÇIQLADI

Sosial

14.05.2025 15:50

294

Cari ilin iyul ayının 1-dən etibarən ölkədə əmi, xala, bibi və dayı uşaqları arasında nikahlar rəsmi şəkildə qadağan ediləcək.

Milli Məclisin deputatı Fazil Mustafa TodayPress-ə danışarkən bildirib ki, bu zaman  gizlin nikahların baş tutması da gözləniləndir. 

“Yaxın qohumlar arasında bağlanan nikahlar yalnız genetik xəstəliklərin yaranma riskini artırmır, həm də sosial əlaqələrin dar çərçivədə qalmasına səbəb olur. Bu, gələcəkdə xəstəliklərin qarşısını almaq üçün, eyni zamanda insanların daha geniş çevrədə ailə və qohumluq əlaqələri qurması baxımından doğru addımdır. Ümumiyyətlə, bu məsələyə cəmiyyətin ciddi yanaşması vacibdir. Gizlin nikahların baş tutması gözləniləndir. Lakin unutmaq lazım deyil ki, bu, cinayətdir, onun da məsuliyyəti var. Gizli nikahların daha ciddi nəticələri olacaq. Ona görə inanmıram ki, insanlar bu qədər açıq şəkildə riskə getsinlər”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Statistika Komitəsindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən rəsmi şəkildə qeydə alınmış qohum nikahlarının sayı 2034 olub.

Bu rəqəm, problemin hələ də aktual olduğunu və geniş ictimai maarifləndirməyə ehtiyac duyulduğunu göstərir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü ilin 23 iyulunda Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

2025-ci il iyulun 1-dən qüvvəyə minəcək dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.       

Töhfə Səməd

tag: Fazil Mustafa,Deputat,Qohum,Evlilik,Todaypress.az,