Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi - Lütfi Zadə

Sosial

04.02.2025 13:00

Bu gün azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 104 illiyi tamam olur.

TodayPress xəbər verir ki, 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Fanya Koriman Ələsgərzadənin ailəsində dünyaya gələn Lütfəli ABŞ-nin Kaliforniya Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının isə fəxri sədridir.

Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.

Hətta onun adına Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılıb.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb.

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif edib: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompyuter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”.

Alim 6 sentyabr 2017-ci ildə dünyasını dəyişir və 29 sentyabrda Birinci Fəxri Xiyabanda dəfn edilir. O, həmişə azərbaycanlı olması ilə qürur duyub, onun ürəyi daim doğma Vətəni ilə döyünüb. Lütfi Zadə yazırdı: "Vətənimin oğlu kimi qəbul edilməyim həyatımın məğzi və şərəfimdir. Bakı və xalqım qəlbimin qaynar guşəsində özünə əbədi yer tutub".

tag: Lütfi Zadə,Qeyri-səlis məntiq ,ABŞ,Kaliforniya,todaypress.az,