Qarabağ veteranlarına verilən müavinətlər artırılacaq? - Millət vəkili açıqladı
Sosial
20.11.2024 14:40
"Müharibə veteranlarına 2019-cu il aprelin 1-dən tətbiq edilən müavinətlərin üstündən 5 ildən artıq vaxt keçir. Bu müddət ərzində onun əsas təyinatları olan kommunal, nəqliyyat və s. xərclərdə xeyli artımlar olub".
Milli Məclisin deputatı Əli Məsimli bunu TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu səbəbdən veteranlara verilən 80 manatlıq müavinətin artırılması zəruridir:
"Veteranlara verilən müavinətin artıb-artmayacağı və əgər artırılmalı olsa, nə qədər artacağı barədə konkret məlumat yoxdur. Amma həmin müavinətlərin artırılması vacibdir. Biz bu məsələni dəfələrlə qaldıran zaman onun 2 dəfə artırılıb 160 manata çatdırılmasını hazırkı reallıqlar şəraitində daha məqbul variant hesab etdiyimizi bildirmişik".
Parlamentari onu da qeyd edib ki, gələn ilin büdcə zərfinə daxil olan sənədlərə görə, orta aylıq əmək haqqı artırılıb, 1080 manata çatdırılacaq:
"Məlumat üçün qeyd edək ki, bu ilin 9 ayının göstəricilərinə görə, hazırda orta əmək haqqı 930 manatdır. Bundan əlavə orta pensiyanın da orta hesabla 50 manat civarında artacağı proqnozlaşdırılır.
Amma gələn il orta pensiyanın konkret nə qədər artacağı 2024-cü ildə orta əmək haqqının neçə faiz artacağı göstəricisindən asılı olacaq. Məlumat üçün onu da əlavə edim ki, bu ilin 9 ayının göstəricilərinə görə, hələlik orta əmək haqqının artım tempi 8 faizdir. Bu pensiya artımına tətbiq edilməsi üçün çox aşağı rəqəmdir".
Günəş Mərd
tag: Müharibə,Veteran,Deputat,Əmək haqqı,todaypress.az,
![photo](/uploads/news/673dad3c046ac.jpg)