“Qar su ehtiyatlarımızı artıracaq ” – Ekoloq rəyi
"Havaların qarlı, şaxtalı və yağıntılı keçməsi su ehtiyatlarımızı xeyli artıracaq".
Ekoloq Sadiq Həsənov bu fikirləri TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, bu, su ehtiyatlarımızda 3-5 faiz artıma səbəb olacaq.
"Azərbaycan su ehtiyatları az olan bir ölkələrdən biri sayılır. Son dövrlərdə də yağıntıların azalması qlobal istiləşmənin təsiri ilə su ehtiyatlarının azalmasına səbəb olub. Bu da ən çox Azərbaycanın kənd təsərrüfatına, əkinçilik sahəsinə ciddi təsir edən faktorlardan biridir.
Məsələn, Bakını götürsək, burada ortalama 100 mm-lik yağıntı həcmi bu ay ərzində 130-150 faiz artıb. Bu, su ehtiyatlarının da 3-5 faiz artımına səbəb olacaq. Təəssüflər olsun ki, bu artım Xəzər dənizində suyun miqdarına təsir etməyəcək. Bilirik ki, Xəzər dənizinin suyunun formalaşmasında təkcə yağıntı sularına yox, eyni zamanda qurunt sularının böyük əhəmiyyətli təsiri var. Təəssüf ki, nə Volqa, nə də digər çaylarda su ehtiyatları artıb. Proqnozlara görə, Xəzərdə suyun səviyyəsinin azalması hələ davam edəcək".
Ekoloq qeyd edib ki, ölkə ərazisində yağıntıların çox olmasının əkinçilik üçün də faydaları var. İndi yağışın, qarın düşməsi həm əkinçilik, həm torpaqlar üçün yaxşı inkişaf vəd edir. Əgər bu yağıntı aprel-may aylarında olsa idi, xeyri olmazdı. Yağıntılar Azərbaycanın şimal bölgələrində daha çox olub.
Türkan İsgəndərli
tag: Ekologiya,Qar,Su ehtiyatları,Sadiq Həsənov,todaypress.az,