"Qadın iştirakçılığının təbliği" mövzusunda konfrans keçirildi

Sosial

27.02.2025 12:07

2445

27 fevral 2025-ci il tarixində Bakı Marriott Hotel Boulevard-da “Konstitusiya və suverenlik” ili çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları və ekspertlər iştirak ediblər.

TodayPresss xəbər verir ki, konfransın açılış nitqləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov tərəfindən səsləndirilib.

Tədbir çərçivəsində iki panel müzakirəsi təşkil olunub.

I Panel – “Bərabərlikdə dayanıqlılıq – konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusunda müzakirələr aparılıb. Panelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev moderatorluq edib. Müzakirələr zamanı əmək münasibətlərində gender bərabərliyi, qadınların rəhbər və qərarverici mövqelərdə təmsilçiliyi kimi mövzular ətrafında çıxışlar dinlənilib. II Panel – “Möhkəm ailə institutu – güclü dövlətin və ahəngdar cəmiyyətin sarsılmaz bünövrəsidir” mövzusunda təşkil edilib.

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu panelə moderatorluq edib. Burada insan kapitalının inkişafı, ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin dayağı kimi əhəmiyyəti vurğulanıb. Konfransın sonunda müzakirələr aparılıb və iştirakçılar tərəfindən qadın iştirakçılığının artırılması istiqamətində bir sıra təkliflər səsləndirilib. Tədbirin əsas məqsədi, gender bərabərliyinin təşviqi, qadınların sosial, iqtisadi və siyasi iştirakçılığının gücləndirilməsi və ailə institutunun möhkəmləndirilməsi məsələlərinə diqqət çəkmək olub.

Nicat Osman 

tag: Ailə qadın və uşaq,Tədbir,Bakı Marriott Hotel Boulevard-,Bahar Muradova,Todaypress.az,