Pulsuz evlərin verilməsi 2030-cu ilədək davam etdiriləcək – AÇIQLANDI

Sosial

14.05.2025 11:55

17

“2025-ci ildə imtiyazlı şəxslərin pulsuz mənzil təminatı davam etdiriləcək və bu proses 2030-cu ilədək nəzərdə tutulacaq”. 

TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dəyişiklik həmin müddətdə bütün imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatına imkan verəcək.

“Sərəncama əsasən, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi, o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi davam etdiriləcək”. 

Deputat əlavə edib ki, qeyd edilənlər ilə yanaşı, 16 avqust 2021-ci il tarixinə kimi uçota alınan gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirən və valideyn himayəsindən məhrum olan məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. 

“2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri də imtiyazlı ailələr hesab olunurlar”.

Vüqar Bayramov qeyd edib ki, hər il dövlət büdcəsindən imtiyazlı şəxslərin mənzil təminatı üçün vəsait ayrılır.

İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. Onun sözlərinə görə, 2025-ci ildə isə daha 1000 mənzilin verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2021-ci il 25 yanvar tarixli nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. 

Türkan İsgəndərli

tag: VÜqar Bayramov,Deputat,Pulsuz,Ev,Todaypress.az,

photo