Prosesə təkan verildi: Quru sərhədlər açılır? – AÇIQLAMA
“Mayın 1-dən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması bərpa olunsa, bu, gələcəkdə digər qonşu ölkələrlə də quru sərhədlərin açılmasına təkan verəcək".
Siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bu fikirləri TodayPress-ə şərh edərkən bildirib.
Onun fikrincə, qonşu ölkələrlə kommunikasiyanın açılması vətəndaşların gözləntilərinə cavab verir:
“Gürcüstanda çoxsaylı soydaşlarımız yaşayırlar. Belə olsa, onlar Azərbaycanda qohum-əqrəbalarını da rahat ziyarət edə biləcəklər. Bu addım təkcə sərnişin daşımalarına deyil, həm də iqtisadi və sosial əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcək".
Azərbaycanın regionun nəqliyyat xəritəsini dəyişmək gücündə olan bir ölkə olduğunu qeyd edən siyasi ekspert vurğulayıb ki, ölkəmiz geniş logistika imkanlarına sahibdir.
"Növbəti mərhələdə digər qonşu dövlətlərlə də quru sərhədlərin açılması mümkün ola bilər. Rusiyada da çox sayda soydaşlarımız yaşayır və onlar üçün də bu olduqca müsbət addım ola bilər. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişmək gücündə olan bir dövlətdir. Bu, həm də Azərbaycanın sərnişin daşımalarında da tranzit ölkə imkanlarını əhəmiyyətli dərəcədə artırmış olacaq. Çünki regionumuzda strateji əhəmiyyətli nəqliyyat layihələri birbaşa Azərbaycanın iştirakı ilə həyata keçirilir. Bu, Azərbaycanın rolunu və nüfuzunu çox yüksəldir".
Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa oluna bilər. Bu barədə qonşu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Gürcüstanın Baş nazirinin I müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib.
Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar. Məlumatda qatardan hansı ölkənin sərnişinlərinin istifadə etməsinə dair fikir bildirilməyib.
Türkan İsgəndərli
tag: Quru sərhədlər,Azərbaycan,Gürcüstan,Rusiya,Siyasət,Todaypress.az,