Orta aylıq əməkhaqqı artdı: Yeni artımlar gözlənilir
“Rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əməkhaqqı 12,8 faiz artaraq 1062,9 manata çatıb. Aylıq maaş artımının iki rəqəmli olması bu ildən minimum və eləcə də bir sıra sektorlarda əməkhaqqı artımları ilə bağlıdır”.
TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni sosial paketin icrasına başlanılması ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə də müsbət təsir edib:
“Belə ki, builki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub.
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı 23 dekabr 2024-cü ildə imzalandığı və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyi nəzərə alınsa, bu həftə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflərin təqdim ediləcəyi gözlənilir".
Deputat sosial paketin növbəti istiqaməti olaraq yeni artımlar olacağını da əlavə edib.
“Beləliklə, sosial paketin növbəti mərhələsində müavinət və təqaüdlərdə artımlar həyata keçiriləcək. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq” deyə parlamentari yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Əməkhaqqı,Artım,Todaypress.az,
