Onlayn qəbul imtahanlarına keçid: Texinki və psixoloji cəhətdən hazırıq? – ARAŞDIRMA

Sosial

21.01.2025 17:38

“İmtahanların rəqəmsallaşdırılması prosesi artıq başlayıb. Belə ki, xarici və ya Azərbaycan dili, həmçinin magistratura pilləsi və taksi sürücüləri üçün keçirilən sınaq imtahanları onlayn formatda aparılır”.   

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bunu TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, hazırki vəziyyətdə buraxılış imtahanlarında açıq və yazılı sualların yoxlanılması uzun müddət vaxt tələb etdiyi üçün, rəqəmsal sistemə keçmək o qədər də uğurlu olmayacaq. Çünki burada konkret olaraq bunker müəllimlər tərəfindən yoxlama aparılır: 

“Lakin qapalı sualların yoxlanılması məsələsində onlayn formata keçmək müəyyən mənada mümkün ola bilər. Məsələn, qapalı tipli suallar üzərindən imtahan edib, ondan sonra isə açıq tiplilər üçün ayrı bir proses keçirilə bilər. Ancaq bunun üçün ən az 2-3 il lazımdır ki, bu təcrübə öyrənilsin və tətbiq olunsun”. 

Ekspert xatırladıb ki, bu formatda kütləvi imtahanların keçirilməsi üçün hazırda təkcə Dövlət İmtahan Mərkəzinin (DİM) onlayn imtahanlar binası var. Lakin həmin bina minlərlə tələbəni qarşılamağa kifayət etmir. Buna görə də bölgələrdə və təhsil müəssisələrində də eyni şərait qurulmalıdır. Ondan sonra əlbəttə ki, bu imtahanlar onlayn formada baş tuta bilər. 

Mütəxəssis imtahan prosesinin rəqəmsallaşmasının müsbət və mənfi tərəflərindən də söz açıb: 

“Onlayn imtahanların müsbət tərəfi ondan ibarətdir ki, abituriyentlər imtahan verdikdən sonra nəticələrini bir neçə ay gözləməyə ehtiyac qalmadan, dərhal öyrənə biləcəklər. O cümlədən, onlar buraxdıqları səhvlərə yerindəcə baxa və harada səhvə yol verdiklərini görə bilərlər. Lakin mənfi tərəfi odur ki, bu proses abituriyentlər üçün əlavə həyəcan səbəbi yarada bilər. Çünki hazırda ölkə ərazisində texnologiya ilə tanış olmayan və ya tam formada anlayışı formalaşmayan minlərlə şagird var. Buna görə də onlayn format onların imtahan prosesini daha qarşışıq bir vəziyyətə gətirə bilər”. 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə bildirib ki, rəqəmsal imtahanlara keçid üzrə işlər görülür. 

Töhfə Səməd

tag: DİN,Mütəxəssis,İmtahan,Ekspert,Todaypress.az,

photo