Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edildi
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Novruz bayramı ərəfəsində vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrini ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad ediblər.
TodayPress xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Görüşlər zamanı şəhid ailələrinin və müharibə əlillərinin sosial təminat məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb, onların rifah halının yaxşılaşdırılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görüldüyü bildirilib.
Şəhid ailələrinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin bayram təbriki çatdırılıb, qayğıları öyrənilib və ailələrə bayram sovqatları təqdim edilib.
Şəhid ailələri göstərilən diqqətə görə ölkə rəhbərliyinə və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, belə ziyarətlərin onlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd ediblər.
tag: Novruz Bayramı,DSX,Şəhid Ailələri,Ziyarət,Todaypress.az,







