Mübariz İbrahimovun anım günüdür

Sosial

18.06.2024 10:33

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.

TodayPress məlumat verir ki, Mübariz İbrahimov Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib. 

M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. 

Azərbaycan giziri həmin gecə səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.  

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.

Milli Qəhrəman Mübariz İbrahimov İkinci Fəxri xiyabanda dəfn edilib. 

Allah rəhmət eləsin!

tag: Mübariz İbrahimov,Milli Qəhrəman,Şəhid,Gizir,todaypress.az,