Müavinət və təqaüdlərdə artımlar ediləcək
Ölkəmizdə vətəndaş rifahına xidmət edən islahatlar davam etdirilir. Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında 2025-ci ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılıb: minimum əməkhaqqının 16 faiz artımla 400 manata çatdırılması, müxtəlif sahələrdə əməkhaqqı artımları, pensiyaların indeksləşdirilərək artırılması, fevralın 1-dən isə minimum pensiyanın 14,3 faiz artımla 320 manata çatdırılması təmin edilib. Yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcək.
TodayPress xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sosial ödənişlərin artırılması ilə yanaşı, sosial rifahda mühüm amil olan məşğulluğun təminatına yönələn proqramların getdikcə daha da genişləndirilməsinin, dövlət sosial xidmətlərində innovativ həllərin geniş tətbiqi işlərinin davam etdirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb.
İclasda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin birinci rübdə proqnoza nisbətən 14 faiz və ya 249 mln. manat çox olmaqla 2 mlrd. 14 mln. manat, xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 163 mln. manat artaraq 1 mlrd. 864 mln. manat təşkil etdiyi bildirilib.
Bu dövrdə pensiya ödənişlərinə də ötən ilin müvafiq dövrünə nisbətən 156 mln. manat və ya 10 faiz çox olmaqla 1 mlrd. 768 mln. manat vəsait yönəldildiyi, 475 min nəfərə müavinət olaraq 275 mln. manat, 402 min nəfərə Prezident təqaüdləri olaraq 173 mln. manat ödənildiyi qeyd olunub. Cari ilin birinci rübündə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 84,7 min şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, o cümlədən 27,2 min şəxsin işlə təminatının həyata keçirildiyi, 1195 şəxsin özünüməşğulluq proqramına, 1221 işsiz şəxsin peşə kurslarına, 55,1 min şəxsin peşəyönümü xidmətlərinə cəlb edildiyi diqqətə çatdırılıb.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin hesabat dövründə əmək münasibətləri üzrə innovativ nəzarət mexanizimlərinin tətbiqi, habelə elektron əmək müqaviləsinə keçid sahəsində gördüyü işlər qeyd edilib.
Eləcə də əməkhaqqı və digər sosial xarakterli ödənişlərdən ibarət 80 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirildiyinin müəyyən edildiyi, bu vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin, işdən qanunsuz çıxarılmış 17 nəfərin əvvəlki işlərinə bərpasının təmin edildiyi diqqətə çatdırılıb.
tag: ƏƏSMN,Müavinət,Təqaüd,Artım,Todaypress.az,