Müavinət və təqaüdlər artırılır: Kimlər ala biləcək? - Deputat AÇIQLADI
"Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət bu gün başa çatır".
TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq artıq hökumət tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasının başa çatdığını güman etmək olar.
"Bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsəd ilə əlavə olaraq 1.5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir".
Millət vəkili hansı müavinət və təqaüdlərdə artımların olacağı ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, bu, müvafiq sənədin imzalanmasından sonra bəlli olacaq.
"Dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlər də artımlar olacaq. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq" deyə o nitqini yekunlaşdırıb.
Töhfə Səməd
tag: Müavinət ,Təqaüd,Artım,Vüqar Bayramov ,Əhali,Sosial ,todaypress.az,
