MSK sədri ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının üzvlərini istənilən vaxt prosesləri birbaşa izləməyə dəvət etdi
Sosial
31.07.2024 22:33
Mərkəzi Seçki Komissiyasının
(MSK) sədri Məzahir Pənahov iyulun 31-də ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun qarşıdan gələn Azərbaycan Respublikasının Milli Məclisinə
növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir
Buşati ilə görüşüb.
TodayPress xəbər
verir ki, bu barədə MSK məlumat yayıb.
M.Pənahov missiyanın rəhbəri və
üzvlərini salamlayaraq MSK-da keçirilən görüşdən məmnunluğunu ifadə edib.
Seçkilərin geniş aşkarlıq və şəffaflıq mühitində hazırlanıb keçirilməsində
müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan M.Pənahov, beynəlxalq
müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək
qiymətləndirib. O, həmçinin rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla
əməkdaşlığa açıq olduğunu, istər MSK, istərsə də aşağı seçki komissiyalarında proseslərin
müşahidəçilər və bütün maraqlı subyektlər üçün şəffaf reallaşdırıldığını diqqətə
çatdırıb.
Səmimi qəbul və görüş üçün təşəkkürünü
bildirən D.Buşati Azərbaycanda olduqları müddətdə MSK ilə yaxından əməkdaşlıq
ediləcəyini deyib. Müşahidə missiyasının rəhbəri, eyni zamanda MSK sədrindən
Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə məlumat verilməsini xahiş
edib.
M.Pənahov Komissiyanın maarifləndirmə
proqramı çərçivəsində seçicilər və aşağı seçki komissiyalarının üzvləri də
daxil olmaqla, fərqli statuslu seçki iştirakçıları üçün reallaşdırılan və nəzərdə
tutulan genişmiqyaslı layihələr, seçici siyahılarının davam etməkdə olan dəqiqləşdirilmə
prosesi, namizədlərin irəli sürülməsi və qeydə alınması, seçkiqabağı təşviqatla
bağlı yaradılan imkanlar barədə ətraflı məlumat verib. Sədr bildirib ki,
2024-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərindən sonra Milli Məclisə
seçkilər də ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək. Otuz
illik işğaldan sonra azad olunmuş regionlardakı səsvermə hüququna malik vətəndaşlarımızın
konstitusion hüquqlarının təmin edilməsi üçün həmin ərazilərdəki daimi seçki məntəqələrinin
sayı daha da artırılaraq 34-ə çatdırılıb.
Qonaqların suallarını
cavablandıran MSK sədri həmişə olduğu kimi, yenə də seçki müşahidə missiyasının
üzvlərini istədikləri vaxt Komissiyanın fəaliyyətini və həyata keçirilən
prosesləri birbaşa izləməyə dəvət edib, bunun üçün hər cür imkan yaradıldığını
diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin Milli Məclisə
seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılıb.
tag: MSK, ATƏT, DTİHB, Məzahir Pənahov, todaypress.az,