"Minasız Azərbaycan” yaradıcılıq müsabiqəsinin qalibləri seçildi
Aprelin
3-də "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina
Təhlükəsizliyi" adlı tədbir çərçivəsində "Minasız Azərbaycan"
yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.
TodayPress xəbər verir ki, müsabiqənin məqsədi yaradıcı yanaşma ilə mina
təhlükəsizliyi mövzusunda uşaqlar arasında maarifləndirməni genişləndirmək
olub. Rəsm, heykəltaraşlıq, video və süni intellekt vasitəsilə yaradılan qrafik
dizayn nominasiyaları üzrə keçirilən "Minasız Azərbaycan" yaradıcılıq
müsabiqəsinə məktəblilər tərəfindən 100-dən çox rəsm, heykəltaraşlıq, süni
intellekt (AI) ilə yaradılmış qrafik dizayn, mina təhlükəsi ilə bağlı maarifləndirici
vizual materiallar, fotoşəkil və digər yaradıcılıq nümunələri təqdim edilib.
Final mərhələsində müsabiqəyə təqdim olunan işlər arasından dörd nominasiya
üzrə I, II, III yerlər üzrə qaliblər seçilərək diplom və mükafatlarla təltif
olunublar.
Tədbir zamanı sərgilənən yaradıcılıq nümunələri iştirakçılar tərəfindən böyük
maraqla qarşılanıb və mina təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin
yaradıcı yanaşma ilə aparılmasının əhəmiyyəti bir daha vurğulanıb.
Tədbir çərçivəsində
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər
İnkişaf Mərkəzi və 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün
sosial xidmət müəssisəsinin birgə təşkil etdiyi sərginin hazırlıq mərhələsində
uşaqlar peşəkar müəllim və metodistlərin rəhbərliyi ilə mina təhlükəsizliyi
mövzusunda öz rəsm əsərlərini yaradıblar.
Qeyd edək ki, 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı
Mübarizə Gününə həsr olunan, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı
ilə keçirilən "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina
Təhlükəsizliyi" adlı tədbirin əsas məqsədi uşaqlara mina təhlükəsizliyi
barədə biliklərin aşılanması və bu istiqamətdə yaradıcı potensiallarının
inkişaf etdirilməsi olub.
tag: Minasız Azərbaycan, Qalib, Mina, Təhlükəsizlik, Maarifləndirmə, todaypress.az,